Vüqar Əsgərov mövsümün son matçında het-trik etdi, komandası darmadağına sevindi
Latviya 1-ci liqasında mövsümün sonuncu - 30-cu turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası - "1625 Liepaya" klubu da son matçına çıxıb.
Sözügedən klub doğma meydanda "JDFS Alberts" ilə qarşılaşıb. Matç 5:0 hesabıyla futbolçumuzun komandasının xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşdə də 90 dəqiqə meydanda olub və kapitan sarğısı ilə çıxış edib. O, bu matçda het-trikə imza atıb. 18-ci dəqiqədə komandasının ikinci qolunu vuran millimizin sabiq forvardı 40-cı dəqiqədə ilkin yarının yekun nəticəsini müəyyənləşdirib - 3:0. 67-ci dəqiqədə isə futbolçumuzun komandasının dördüncü qoluna imza atıb.
Beləcə, Əsgərov yayda keçdiyi "1625 Liepaya" klubunda vurduğu qolların sayını 26-ya çatdırıb. Onun komandası isə mövsümü 61 xalla 16 klub arasında 4-cü pillədə başa vurub.
