Sergey Zenyov: Uğurlu oynamaq üçün nə lazım olduğunu bilsəydik, fasilədə edərdik
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı səfər oyunundan (0:4) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- 0:4 hesabıyla uduzmuşuq. Deyiləsi bir şey yoxdur. Oyun özü hər şeyi göstərdi.
- "Qəbələ" hətta rəqib qapısı qarşısında təhlükəli vəziyyət də yarada bilmədi. Yəni bu qədər çətin idi?
- Siz deyirsinizsə, deməli elədir. Sizə tribunadan olanları daha yaxşı görürdünüz.
- Komandanız bu görüşdə beş müdafiəçi ilə oynayırdı. Ola bilər ki, sizdə buna görə heç nə alınmadı?
- Baş məşqçi bizə üç müdafiəçi ilə oynayacağımı tapşırmışdı. Qalan iki müdafiəçi daha çox yarımmüdafiəçinin işini yerinə yetirirdi. Bunun öhdəsindən nə dərəcədə layiqincə gəldiyimizi deməzdim. Baş məşqçi bununla bağlı öz fikrini bizə deyəcək.
- "Qəbələ"yə Dortmundda daha yaxşı oyun sərgiləmək üçün nə çatmadı?
- Bunun üçün nə lazım olduğunu bilsəydik, fasilədə nəyisə dəyişərdik və bunu siz də kənardan hiss edərdiniz. Heç özüm də nə deyəcəyimi bilmirəm. "Borussiya" "Borussiya"dır.
- Artıq komandanız qrupdan çıxmaq şansını demək olar ki, itirdi...
- Düzünü deyim ki, oyundan sonra turnir cədvəlinə baxmamışam və orada vəziyyətin necə olduğundan xəbərsizəm. Nə deyim, özüm də bilmirəm.
