Aleksey Qay: Borussiya ilə oyun bizim üçün yaxşı təcrübə oldu
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı səfər oyunundan (0:4) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Nəticə özü hər şeyi deyir. Oyuna ciddi hazırlaşmışdıq. Rəqibə mümkün qədər yaxşı müqavimət göstərmək istəyirdik. Amma düşündüklərimizi meydanda həyata keçirə bilmədik.
- Nəticə sizi çox məyus etdi?
- Əlbəttə, belə uduzmaq istəməzdim. Amma istənilən halda yaxşı oyun sərgiləyə, müsbət nəticə qazana bilməsək də, "Borussiya" ilə görüş "Qəbələ" üçün yaxşı təcrübə oldu.
- "Krasnodar"ın PAOK üzərindəki qələbəsindən sonra sizin qrupdan çıxmaq şansınızın heçə endiyini demək olar?
- Bizim əsas hədəfimiz hər oyunda maksimum nəticəyə imza atmaqdır. Qrupdan çıxmağın nə dərəcədə alınacağını isə zaman göstərəcək. Əsas ruhdan düşməmək və hər oyunda sonadək mübarizə aparmaqdır.
- Bu gün ad gününüz idi. Amma özünüzə ad günü hədiyyəsi edə bilmədiniz...
- (gülür) Ad günündə komandanın qələbə qazanması çox xoşdur. Amma bu, mənim üçün arzuladığım kimi alınmadı.
