Qara Qarayev: Qarabağ yaxşı oynadı, amma daha yaxşı çıxış edə bilərdi
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransanın "Monako" klubuna qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Qələbə qazana bilərdik. Amma yenə bir səhvə yol verdik və sonda xal itirdik. Yaxşı oynadıq. Lakin düşünürəm ki, bundan da yaxşı oyun sərgiləyə bilərdik. Bizi dəstəkləməyə gələn, belə çətin görüşdə tək qoymayan azarkeşlərin hər birinə təşəkkürümü bildirirəm. Bu, bizim üçün çox vacib idi. Gücümüz daxilində əlimizdən gələni etdik. Təəssüf ki, qələbəni əldən verdik.
- Buraxılan qolda özünüzü günahkar hesab etmirsiniz?
- Düşünmürəm ki, qol konkret mənim səhvimdən vuruldu. Qol buraxırıqsa, burada bütün komandanın günahı var. İstənilən halda hər oyunda rəqib qol vurursa, hansısa səhvə yol verirsən ki, sonda belə alınır.
- "Qarabağ" yenə mərkəzdə topu itirdikdən sonra qol buraxdı...
- Rəqibin heyətində elə usta futbolçular var ki, onlar heç bir səhvi bağışlamırlar. Bu oyunda da elə oldu.
- Qrupdan çıxmaq şanslarınız barədə nə düşünürsünüz?
- Fikrimcə, hələ şansımız qalır. Bizi Brüsselə çətin səfər oyunu gözləyir. "Anderlext" güclü və iddialı komandadır. Belçikadan yaxşı nəticə ilə qayıda bilsək, "Tottenhem"lə görüşə daha ciddi hazırlaşıb, uğur qazana bilərik.
- "Monako"nun Bakıdakı oyuna bu qədər ehtiyatlı başlayacağını gözləyirdiniz?
- Rəqiblərimiz Bakıda oynayanda bir qədər ehtiyatlı olmağa çalışırlar. Bilirlər ki, hücum xəttimizdə sürətli futbolçular var. Ona görə də diqqətli oynamağa üstünlük verirlər.
- "Qarabağ"ın futbolçuları niyə uzaqdan zərbələrə çox az üstünlük verirlər? Məşqçinin tapşırığı belə idi?
- Xeyr, əlbəttə yox. Baş məşqçi deməz ki, qapıya zərbə vurmayın. Sadəcə, görünür daha yüz faizli qol epizodları yaratmaq istədiyimiz üçün belə alınırdı. Amma rəqib hər dəfə bütün zonaları bağlamağı bacarırdı.
