Qurban Qurbanov: 1:1 hesabı oyuna görə oldu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransa “Monako”suna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları dilə gətirib:
"Biz qələbə qazanmağı çox istəyirdik. Rəqibin güclü olduğunu bilirdik. "Monako" qrupda məğlub olmamışdı. İkinci hissədə bu komanda təzyiqi artırdı. 10 dəqiqə ərzində biz üstünlüyü itirdik və rəqib də bundan istifadə edib, hesabı bərabərləşdirdi".
"Komandamdan razıyam. Güclü rəqibə məğlub olmadıq. Futbolçularımıza təşəkkürümü bildirirəm. Komanda adından azarkeşlərə də minnətdarlığımı bildirmək istərdim. Onlar bizi əla dəstəklədirlər. Onlara bu dəstəyə görə 5+ verərdim".
Qurbanovun sözlərinə görə, "Monako" cavab matçında da qələbə qazana bilərdi: "Onlar bunun üçün çox çalışdılar. Amma alınmadı. Püşkatmadan sonra biz iki xal toplamaq barədə düşünürdük. İndi isə hələ də qrupdan çıxmaq şansımız qalmaqdadır. 1:1 hesabı oyuna görə oldu".
Baş məşqçi qapıçı İbrahim Şehiçdən də razı qaldığını söyləyib: "O, diqqətli oynadı. Qol epizodu zamanı irəli tez çıxdı. Həmin epizod olmasaydı, matçın qəhramanı ola bilərdi".
"Rəqib bizə sərbəst oynamağa imkan vermirdi. Hesab 1:0 olsaydı, matçın sonunda daha bir əvəzetməyə əl atardım".
