Voyislav Stankoviç: 60 min azarkeş önündə oynamaq mənim üçün problem deyil
"Qəbələ"nin müdafiəçisi Voyislav Stankoviç Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Bizi hazırda Avropanın ən güclü komandalarından biri ilə oyun gözləyir. Onlara uduzmamaq üçün maksimum güc sərf etməliyik.
- Böyük hesabla uduzmaqdan qorxmursunuz? Çünki "Borussiya" bu mövsüm xüsusilə ev oyunlarında çoxlu qol vurur...
- Biz məğlubiyyət barədə düşünmürük. Ümumiyyətlə, rəqibin sənə nə qədər qol vuracağını düşünmək düzgün deyil. Biz əlimizdən gələni etməliyik ki, rəqib ümumiyyətlə bizə qol vura bilməsin.
- Henrix Mxitaryan Bakıdakı oyuna gətirilməsə də, cavab matçında yəqin ki, meydanda olacaq...
- Mxitaryan "Borussiya"nın ən təhlükəli futbolçusu deyil. Çünki komandada ondan da təhlükəli Pyer-Emerik Obameyanq, Marko Roys var. Həm də biz ayrıca oyunçulara qarşı yox, bütövlükdə, "Borussiya"ya qarşı mübarizə aparmağa köklənmişik. Bizi çətin bir rəqiblə qarşılaşma gözləyir.
- Rafael Santos artıq sağalıb. Müdafiənin mərkəzində Santosla oynayacaqsınız, ya Vitali Vernidubla?
- Bilmirəm. Baş məşqçi qərar verəcək.
- İlk oyunda Obameyanq qapınıza üç qol vurdu. Bu hücumçunun qarşısını almaq üçün nə fikirləşmisiniz?
- O, hazırda yaxşı formadadır və Avropanın ən yaxşı hücumçularından biri hesab olunur. Obameyanqın qarşısını almaq yenə çətin olacaq. İstisna deyil ki, rəqibin çoxlu qol vəziyyəti olacaq. Bizim hədəfimiz isə onların qapımıza ümumiyyətlə yol tapmamasıdır.
- Təxminən 60 000 azarkeş qarşısında oynamaq sizə çətin olmayacaq?
- Bu, mənim üçün problem deyil. "Partizan"ın heyətində belə oyunları çox görmüşəm. Fikrimcə, belə oyunların iştirakçısı olmayan futbolçular üçün də bu qədər azarkeş qarşısında oynamaq əlavə motivasiya olmalıdır.
- Hansı daha realdır: minimal hesablı məğlubiyyət, ya heç-heçə?
- Futbolda işə bu cür yanaşma düzgün deyil. Biz peşəkar futbolçularıq və hər oyuna qələbə üçün çıxırıq.
