Ansi Aqolli: Ümid edirəm ki, qrupdakı ilk iki yerdən biri bizim olacaq
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransanın "Monako" klubuna qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Premyer Liqadakı əsas izləyiciniz "Qəbələ"dən beş xal öndə qərarlaşmısınız. Bu, "Monako" ilə oyun öncəsi sizə əlavə inam qazandırır?
- Əlbəttə, belə vacib oyun öncəsi komandada ab-havanın yaxşı olması vacibdir. Amma biz müvəqqəti Premyer Liqadakı çıxışımızı unutmalı və tam olaraq qarşıdakı görüşə köklənməliyik. Çünki bu, Premyer Liqadakı oyunlarla müqayisədə daha çətin bir qarşılaşma olacaq.
- "Monako" ilə oyunu qrupdan çıxmaq yolunda həlledici saymaq olar?
- Bizim üçün hər bir oyun vacibdir. Amma bu matçın da öz əhəmiyyəti var. Öz meydanımızda çıxış edəcəyik. Üstəlik, qrup mərhələsində ikinci dövrə start götürür. Deməli, biz daha çox xal toplamağa çalışmalıyıq.
- Monakoda hətta qələbəyə layiq oyun sərgiləsəniz də, xalsız qayıtdınız...
- Biz belə güclü komandalara qarşı layiqli oynamağa qadir olduğumuzu dəfələrlə göstərmişik. Monakodakı oyunda da məğlubiyyətdən daha artığına layiq idik. Qarşıda revanş oyunu var. İlk oyunda bacarmadağımızı Bakıda həyata keçirmək istərdik.
- "Qarabağ" "Monako" üzərində qələbə sayəsində qrup lideri də ola bilər. Sizcə, bu, realdır?
- Tamamilə realdır. Qarşıda üç oyunumuz var. Ümid edirəm ki, bu oyunlarda biz ilk iki yerdən birini özümüzü üçün təmin edə biləcəyik.
- Sizcə, Azərbaycan klublarından ilk dəfə hansı avrokuboklarda qrupdan çıxa biləcək?
- Demək çətindir. "Qəbələ" də hələ qrupdan çıxmaq şansını itirməyib. Biz də mübarizəmizi davam etdiririk. Ümid edirəm ki, hər iki klub pley-offa çıxacaq.
- Yəqin ki, Tofiq Bəhramov adına respublika stadionunun əvvəllər daha asanlıqla dolduğunu görürdünüz. Niyə son dövrlər bu baxımdan problemlər var?
- Azarkeşlərin sayının azalmasının səbəbini bilmirəm. Biz istənilən halda hər oyunda azarkeşlərin dəstəyini hiss edirik. "Monako" ilə oyunda isə tribunaların tam dolacağını gözləyirəm.
- "Qarabağ"ın heyətində vaxtilə Almaniyanın "Borussiya" klubuna qarşı səfərdə oynamısınız. Bu gün Dortmundda bu komanda ilə qarşılaşacaq "Qəbələ"nin şansları barədə nə deyə bilərsiniz?
- Futbolda sürprizlər olur. Niyə "Qəbələ" də belə bir sürprizə imza atmasın. Amma təbii ki, "Borussiya"nın necə güclü komanda olduğunu, onlara qarşı oynamağın necə çətin olduğunu hər kəs bilir.
