Aleksey Qay: Borussiyaya qarşı yüksək tempdə oynamağa çalışacağıq
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri səfər matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Dortmundda nəyə ümid edirsiniz?
- Almaniyaya böyük ümidlərlə gəlmişik. Etiraf edim ki, bu oyundan həzz almaq istəyirik. Gücümüz daxilində əlimizdən gələni etməliyik ki, "Borussiya"dan mümkün qədər çox xal alaq.
- Siz buna inanırsınız? Həm də bu rəqibə Bakıdakı məğlubiyyətdən sonra?
- Əlbəttə. Bu görüşdə xal qazanacağımıza inanırıq. Əks halda bu peşə ilə niyə məşğul oluruq ki? Bura qədər irəliləyə bilmişiksə, daha da irəliyə getməyə çalışmalıyıq. Dortmundda bir xal üçün mübarizə aparacağıq.
- "Borussiya"da özünüz üçün zəif yer tapa bilmisiniz, ya rəqibdə elə bir mövqe yoxdur?
- Elə bir komanda yoxdur ki, onda zəif cəhət, problemli yer olmasın. "Borussiya"ya qarşı yüksək tempdə və sonadək mübarizə aparmağa çalışacağıq. Yalnız belə olan halda uğura ümid edə bilərik.
- Bakıdakı oyunda bir neçə qol imkanından yararlana bilmədiniz. Qol vəziyyətlərindən daha yaxşı yararlanmaqla bağlı nə irəliləyişə nail olmusunuz?
- Bizim əsas çatışmazlığımız məhz qeyd etdiyiniz məqamdır. Amma bu oyunda qol vəziyyətlərindən daha yaxşı yararlanmağa çalışacağıq.
- "Siqnal İduna Park"da böyük azarkeş kütləsi qaşısında oynamaq "Qəbələ" üzərində əlavə təzyiq yaratmayacaq ki?
- Bütün oyunçuların adından danışa bilmərəm. Yəqin ki, belə atmosferi hiss etmək üçün bu cüt turnirlərdə iştirak etmək lazımdır. Belə tribunalar qarşısında oynamağa alışmaq lazımdır. Fikrimcə, hər şey yaxşı olacaq.
- Heyətiniz genişdir. Belə heyətlə iki cəbhədə mübarizə aparmaqda hansısa çətinlik çəkmirsiniz?
- Heyəti baş məşqçi müəyyənləşdirir. Kimin oynayıb, kimin oynamayacağına da o qərar verir. Amma bizdə yorğunluq yoxdur. Hər iki cəbhədə mübarizə aparmağa da kifayət qədər gücümüz var.
