Aslan Kərimov: Qəbələ üçün məğlubiyyət qaçılmazdır
Azərbaycanlı futbol mütəxəssisi Aslan Kərimov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirəcəyi növbəti oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, "Monako" ilə ilk oyundan sonra "Qarabağ" rəqibini daha yaxşı tanıyır, güclü və zəif cəhətlərini bilir. Amma bunun komandamızın işini asanlaşdıracağını düşünmürəm. Azarkeşlərimiz komandanı yaxşı dəstəkləməlidirlər ki, doğma meydanda üç xal qazanmaq mümkün olsun.
"Qəbələ"yə gəlincə, onların Almaniyadan yaxşı nəticə ilə qayıtmaq şansları çox azdır. "Borussiya"nın 5-6 qol vuracağını düşünmürəm. Darmadağın olmayacaq, amma 2-3 qol ola bilər. Məğlubiyyəti qaçılmaz hesab edirəm. Bakıdakı görüşdə Roman Qriqorçukun komandası sadəcə, ilk 10 dəqiqədə yaxşıoyadı. Bu da rəqibin komandamızı ciddi qəbul etməməsindən irəli gəlirdi. Öz meydanlarında onlar buna da imkan verməyəcəklər".
