Arif Əsədov: Borussiyaya 1:3 hesablı məğlubiyyət Qəbələ üçün normal nəticə olacaq
Azərbaycanlı mütəxəssis Arif Əsədov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda keçirəcəkləri oyunlarda şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Monakodakı ilk oyun göstərdi ki, "Qarabağ" bu rəqibi ilə bərabər səviyyədə oynaya bilər. Ağdamlılar sadəcə, bir səhvin cəzasını çəkdilər və məğlubiyyətlə üzləşdilər. Amma Bakıda qisas almaq mümkündür. "Qarabağ" buna nail olacaq gücdədir. Ağdam klubu "Monako"ya qalib gəlsə, qrupdan çıxmaq şansı kifayət qədər artacaq. Qələbəyə inanıram.
"Qəbələ"yə gəlincə, bu komandanın işləri son vaxtlar yaxşı getmir. Avroliqada da son iki oyunda məğlub olublar. Belə çıxır ki, Roman Qriqorçukun mümkün gedişi barədə xəbərlər futbolçulara psixoloji cəhətdən pis təsir edib. Komandada özünəinam aşağı düşüb. "Borussiya" hələ Bakıdakı oyunda göstərdi ki, "Qəbələ"dən bir baş üstündür. "Qəbələ"nin səfər oyununda bu komanda ilə bacaracağına inanmıram. Komandamız yenə 1:3 hesabıyla uduzsa, onun özü normal nəticə sayıla bilər. Eyni zamanda "Qəbələ"nin böyük hesabla uduzacağına da inanmıram".
