Elxan Abdullayev: Qarabağ son dövrlər öz oyunu ilə sevindirmir
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"ni Dortmundda çətin səfər oyunu gözləyir. "Borussiya" hazırda yaxşı formadadır, yüksəlişdədir. Dortmundlular hər oyunda rəqiblərinə azı üç qol vururlar. Komandamızın Almaniyadan heç olmasa bir xalla qayıtmaq şansı da çox azdır. "Qəbələ"nin uğur qazanmasını mən də çox istəyərdim. Amma obyektiv olsaq, komandamız bu oyunda uduzacaq. "Qarabağ" da son dövrlər öz oyunu ilə sevindirmir. Xüsusilə, çempionatda parlaq oyun sərgiləmirlər. Bu da böyük ehtimalla futbolçuların daha çox Avroliqanı düşünməsindən irəli gəlir. "Monako" yaxşı komandadır. Bu rəqiblə evdə oynasaq da, asan olmayacaq. Fransa təmsilçisi ilə heç-heçəni də yaxşı nəticə saymaq olar".
