Eddi İsrafilov: Qranada seçimim səhv idi
Azərbaycan yığmasının və İspaniyanın "Eybar" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov "Marca"ya müsahibəsində bu kluba gəlişindən, eləcə də karyerasından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən "Qranada"ya keçməklə səhvə yol verdim. Amma həmin vaxt əksər futbolçular mənim durumumda idi. Çünki elə də geniş seçim imkanı yox idi".
Bir neçə gün öncə "Barselona"ya qarşı oyunda (1:3) ilk dəfə millimizin üzvü bir hissəni bütünlüklə meydanda oldu: "Qranada"nın heyətində "Barselona"ya qarşı "Nou Kamp"da oynamışdım. Həmin vaxt biz böyük hesabla uduzmuşduq. Bu dəfə isə hər şey fərqli oldu. Hesabda öndə idik, başqa qol vəziyyətlərimiz də oldu. Baxmayaraq ki, sonda məğlub olduq. Artıq bu oyunu unudub, "Rayo Valyekano"ya qarşı keçirəcəyimiz növbəti matçı düşünməliyik".
"Eybar" variantı mənim üçün maraqlı idi. Bu kluba gəlməyimdə idman direktoru Fran Qaraqarza ilə münasibətlərimin yaxşı olmasının rolu böyük oldu. Biz bu keçid öncəsi bir neçə dəfə görüşdük. Çox yaxşı insandır. Onda olan keyfiyyətləri çox bəyəndim və nəticədə "Eybar"a keçməyə qərar verdim".
İsrafilov bu komandanın heyətində hələ bir dəfə də start 11-liyində yer almamasına da aydınlıq gətirib: "Futbolçuların hamısı daim meydanda olmaq istəyir. Amma səbrli olmaq, hər şeyə real yanaşmaq, oyun təcrübəsi qazanmaq lazımdır. Komanda yaxşı sürət yığıbsa, baş məşqçinin hansısa dəyişikliyə əl atmasına ehtiyac yoxdur. Düzünü desəm, şəxsən mən dəyişməzdim. Hər bir futbolçu öz şansını gözləməlidir və əsas heyətdə oynamağa layiq olduğunu göstərməlidir. Mövsüm çox uzundur. Hər halda baş məşqçinin mənə də şans verəcəyinə inanıram".
O, yeni şəhərdəki həyatından da razılıq edib: "Özümü Eybarda çox yaxşı hiss edirəm. Mənə yaxşı münasibət göstərirlər".
Eddi komandada daha yaxşı münasibətə malik olduğu futbolçuların da adını çəkib: "Komandada futbolçular arasında münasibətin yaxşı səviyyədə olması çox vacibdir. Ona görə də mən şadam ki, burada Saul Berxon kimi dostum var. Onunla yanaşı Dani Qarsiyanı da vurğulaya bilərəm. O, mənim mövqeyimdə çıxış edir. Amma biz başa düşürük ki, rəqabət futbolun ayrılmaz hissəsidir".
