Anar Nəzirov: İnterlə oyunda üçüncü yeri qaytarmağa çalışacağıq
"Zirə"nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə oyunumuz çox çətin olacaq. Rəqibimiz çox təcrübəlidir. Özünəməxsus oyun üslubu var. Yaxşı futbol sərgiləməyə, qənaətbəxş nəticə qazanmağa və turnir cədvəlində üçüncü pilləyə çıxmağa çalışacağıq. Son oyunlardakı xal itkilərinə gəlincə, "Qəbələ" güclü komandadır. Onlar artıq nəyə qadir olduqlarını göstəriblər. Bu komanda ilə görüşdə xal qazanmağımızı uğur hesab edirəm. "Zirə" yeni komandadır. "Qəbələ" ilə oyun bizim üçün təcrübə qazanmaq baxımından da vacib idi. "Kəpəz"lə oyunumuz da asan keçmədi. Bu komandanın çox yaxşı kollektivi var. Bu klubla heç-heçəni də yaxşı nəticə sayıram. Qarşıdakı oyunlarda daha çox xal toplamağa çalışacağıq. Biz öz oyunumuzla çempionata fərqlilik qatmışıq. Buna əminəm".
