Topaz Premyer Liqasında 11-ci tur həyəcanı
Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turu arada bir gün fasilə olmaqla, iki gün ərzində keçiriləcək.
İlk oyun günündə 3 görüş baş tutacaq. Öncə meydana "İnter"lə "Zirə" çıxacaq. Bu komandalar cəmi bir dəfə üz-üzə gəliblər ki, o da cari mövsümün birinci turuna təsadüf edir. Həmin oyunda tərəflər qolsuz heç-heçəyə razılaşmışdılar. Bir sözlə, paytaxt təmsilçiləri 2-ci dəfə üz-üzə gələcək. Zirədəki oyunda qol vura bilməyən tərəflər "İnter Arena"da ilklərə imza atmağa çalışacaqlar. Hər iki komandanın liderlər qrupunda qərarlaşması, turnir cədvəlində qonşu olması bu görüşün prinsipiallığını artıran məqamlardandır.
Növbəti görüş “Qəbələ” ilə “Kəpəz” arasında baş tutacaq. Əslində, bu matç Gəncədə keçirilməli olsa da, sözügedən şəhərin stadionu yağışlı havada yararsız vəziyyətə düşdüyünə görə, Peşəkar Futbol Liqası oyunun Qəbələdə keçirilməsinə qərar verib. Bu komandalar arasında 9 oyun baş tutub ki, onların daha çoxu (4 oyun) heç-heçə ilə bitib. 2 matçda "Qəbələ", 3-də isə "Kəpəz" qalib gəlib. Top fərqi də gəncəlilərin xeyrinədir - 8:5. İndiyədək səfərdə çıxış edən komanda qalib gəlməyib. Son 3 qarşılaşmada meydan sahibi qapısını toxunulmaz saxlayıb. Ardıcıl 5 matçda qonaq tərəf xal əldə edə bilməyib. Yubiley - 10-cu matçlarına çıxacaq bu klubların ilk dövrədəki oyunda "Qəbələ" "Kəpəz"i 1:0 hesabıyla məğlub yola salmışdı. Son iki turda xal itirən "Qəbələ" nəhayət, bu dəfə qalib gəlməyi hədəfləyib. Amma Şahin Diniyevin komandası da səfərdən ən azı bir xalla qayıtmağa çalışacaq.
Son çempion və lider “Qarabağ” bu tur AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Tərəflər 28-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki 27 oyundan 16-da Ağdam klubu qalib gəlib. 6 görüş heç-heçə bitibsə, "təyyarəçilər" cəmi 5 dəfə bu rəqibini məğlub edə bilib. Top fərqi də ağdamlıların xeyrinədir - 36:24. AZAL-la oyunlarda ardıcıl 7 qələbə qazanan “Qarabağ” 8 matçdır meydanı qolsuz tərk etmir. Ağdam təmsilçisi son 3 ev oyununda eyni – 2:1 hesabı ilə qalib gəlib. AZAL son 4 səfərdə qol vurub. Bu mövsümə təsadüf edən ilk oyunda isə "Qarabağ" 2 cavabsız qolla qalib gəlmişdi. Elə bu dəfə də Qurban Qurbanovun komandası aşkar favorit hesab olunur. Tərlan Əhmədovlu AZAL isə son turlardakı uğurlu çıxışın davamı kimi hətta heç-heçəyə də nail olsa, bu, sensasiya hesab oluna bilər.
Turun qalan iki görüşü isə noyabrın 2-də keçiriləcək. Öncə “Sumqayıt” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Əvvəlki 13 oyunda daha çox "ağ-qaralar" qalib gəliblər - 8 dəfə. 3 oyunda sumqayıtlılar qələbəni bayram ediblərsə, 2 dəfə də heç-heçə qeydə alınıb. Top fərqində də "Neftçi" üstündür - 29:15. 5 oyundur bu rəqibinə uduzmayan “ağ-qaralar” son 6 matçda meydanı qolsuz tərk etməyib. “Sumqayıt” son iki ev oyununda eyni - 0:1 hesabı ilə uduzub. İlk dövrədəki oyunda da "Neftçi" 2:1 hesabıyla üstün olmuşdu. Amma Samir Əliyevin çalışdırdığı komanda son dövrlər çox uğursuz çıxış edir. Komanda altı oyundur qələbə üzünə həsrətdir. Əvəzində, Samir Abasovun gəlişindən sonra 1 heç-heçə edib, 2 qələbə qazanan "Sumqayıt"da yaxşı ab-hava hökm sürür və bu komandanın "flaqman"dan xal alması kifayət qədər real görünür.
Turun qapanış matçında isə turnir cədvəlinin son pillələrində qərarlaşan iki komanda - “Rəvan”la “Xəzər Lənkəran” qarşılaşacaq. Tərəflər 12-ci dəfə üz-üzə gələcək. Əvvəlki oyunlarda hərəyə 3 qələbə qazanan komandalar daha çox - 5 dəfə heç-heçəyə razılaşıblar. Top fərqində isə cənublular üstündür - 16:10. Ümumiyyətlə, “Xəzər Lənkəran” 6 oyundur bu rəqiblə oyunlarda meydanı qolsuz tərk etmir. Son 5 qarşılaşmada meydan sahibi ola komanda uduzmur. “Xəzər Lənkəran” səfərdə qalib gəlməyib. “Rəvan” ev oyunlarının hamısında qol vurub. İlk dövrədə Lənkəranda baş tutan görüşdə heç-heçə qeydə alınmışdı - 1:1. Bu mövsüm qələbə dadmayan yeganə komanda olan "Rəvan" bu həsrətə məhz Yunis Hüseynovun çalışdırdığı "ağ-yaşıllar"la görüşdə son qoya bilər. Çünki heyətlə bağlı ciddi problemləri olan cənub təsmilçisi heç də yaxşı günlərini keçirmir.
Topaz Premyer Liqası
11-ci tur
31 oktyabr (şənbə)
16:00. “İnter” - “Zirə”
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “İnter Arena”.
18:00. “Qəbələ” - “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Qəbələ şəhər stadionu.
19:00. “Qarabağ” - AZAL
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
2 noyabr (bazar ertəsi)
19:00. “Sumqayıt” - “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Sumqayıt. “Kapital Bank Arena”.
21:00. “Rəvan” - “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “Bayıl Arena”.
Bombardirlər:
5 - Riçard Almeyda ("Qarabağ").
4 - Aleksey Qay ("Qəbələ"), Aleksey Antonov ("Qəbələ"), Samuel Armenteros ("Qarabağ"), Junior Osvaldo ("Kəpəz"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran").
