Orxan Əliyev: Səkkizinci pillə Xəzər Lənkərana uyğun deyil
"Xəzər Lənkəran"ın hücumçusu Orxan Əliyev Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Rəvan"a qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Sizi heç də yaxşı günlərini yaşamayan "Rəvan"la oyun gözləyir. Şanslarınızı necə qiymətləndirərdiniz?
- Çətin oyun olacaq. Amma biz ancaq qələbəyə oynayacağıq. İnanıram ki, üç xal qazanacağıq.
- Premyer Liqanın 9-cu turunda "Kəpəz"ə məğlubiyyətdən sonra "Sumqayıt"a da uduzdunuz...
- Qələbə qazanıb, vəziyyətimizi yaxşılaşdırmaq istəyirdik. Amma yenə də erkən qol buraxdıq. Özümüz isə qol vəziyyətlərindən yararlana bilmədik. "Sumqayıt" ikinci qolu da vurandan sonra dönüş yaratmağımız daha da çətinləşdi. Gücümüz sadəcə, bir qol vurmağa çatdı.
- Ardıcıl məğlubiyyətləri nə ilə izah edə bilərsiniz?
- Əsas problem cəmi 14 futbolçu ilə mübarizə aparmağımızdır. Zədəlilərimiz də var. Gücümüz çatan qədər oynayırıq. Bütün problemlərə baxmayaraq, nəticə qazanmaq istəyirik. Hər oyunda sonadək mübarizə aparmağa çalışırıq.
- Sizcə, "Sumqayıt" "Xəzər Lənkəran"ı nəyin sayəsində məğlub etdi?
- Oyuna çox yaxşı başladılar. "Sumqayıt"ın futbolçuları fəal idilər, bütün zonaları bağlamışdılar. Bütövlükdə, Samir Abasovun baş məşqçi postuna təyinatından sonra onlar yaxşı futbol sərgiləyirlər. Buna sevinirəm və "Sumqayıt"a uğurlar arzulayıram.
- Keçmiş komandanıza qarşı oynamaq necə idi?
- Özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Fikrimcə, matça pis başlamamışdım. Amma sonradan zədə aldım və baş məşqçidən məni əvəzləməsini xahiş etdim. Təəssüf ki, hər şey belə alındı.
- Zədəniz nə qədər ciddidir?
- Hələ dəqiq heç nə deyə bilmərəm. MRT müayinəsindən sonra bilinəcək.
- Çətin ki, "Xəzər Lənkəran"ın hazırda 8-ci pillədə olması sizi qane etsin...
- Düzdür, bu, bizə uyğun deyil. Bütün gücümüzlə çalışacağıq ki, turnir cədvəlində üst pillələrə qalxaq. Fikrimcə, bunun öhdəsindən gələcəyik.
