Roman Qriqorçuk: AZAL-a qalib gələ bilməməyimizin əsas səbəblərindən biri hakimlikdir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında ukraynalı mütəxəssis bunları söyləyib:
"Düşünmürəm ki, biz bütün qollarımızı "Xəzər Lənkəran"a vurmuşuq (6:0). "Zirə" və AZAL-la oyunlarda (hər ikisi 0:0) möhtəşəm oynamasaq da, hər halda qələbə qazanmağa yetərli olacaq səviyyədə oyun sərgilədik. Sadəcə, yaratdığımız qol vəziyyətlərindən yararlana bilmədik. AZAL-la oyunda hakimlikdən də xoşum gəlmədi. Bu, qələbə qazana bilməməyimizin əsas səbəblərindən biri oldu. Amma mən komandamdan razıyam. Yaxşı oynayırıq. Növbəti rəqibimiz "Kəpəz" mövsümə yaxşı başlayıb. Bu komanda öz oyunu ilə Premyer Liqaya yenicə qayıdan klub olmadığını göstərir. Ciddi rəqibdir. Heyətində fərdi baxımdan güclü, sürətli futbolçular yer alır. Bizə bu komandaya qarşı oynamaq çox çətin olacaq".
