Maksim Medvedev: İndiki Qarabağ vaxtilə 14 futbolçunun ümidinə qalan komanda deyil
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının qrup mərhələsində Fransa "Monako"su ilə səfər oyunu göstərdi ki, siz bu komandaya qalib gələ bilərsiniz. Bakıda buna nail olmaq şanslarınızı necə qiymətləndirərdiniz?
- Monakoda fərqlənmək imkanlarımız oldu. Yaxşı qol vəziyyətləri yarada bildik, rəqibdən daha yaxşı oynadıq, amma qol vura bilmədik. "Qarabağ" bu gün "Monako" ilə bərabər səviyyədə oynaya bilirsə, deməli, sabah daha yaxşı ola bilər.
- Qrupdan çıxmağınız "Monako" ilə oyundan asılıdır?
- Hər şey yenidən başlayır. Turnir cədvəlində hələ heç nə aydın deyil. Bəzən bizi ciddi qəbul etmirlər. Məsələn, "Anderlext" bizə uduzduğuna görə azarkeşlərinə təzminat ödəyib. Halbuki, onlar üç xalın ciblərində olduğunu düşünürdülər. Amma bu, futboldur. "Sumqayıt" bizə qalib gəldi, biz isə "Anderlext"ə. Mənə elə gəlir ki, bizim qrupda kimlərin çıxacağı son turda bəlli olacaq.
- Son turda "Rəvan" üzərində qazandığınız qələbə barədə nə deyə bilərsiniz?
- Son dövrlər qələbə qazana bilmirdik. Öncə "Monako"ya uduzduq, ardından "Sumqayıt"a. Ona görə də matça ciddi hazırlaşmışdıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. "Rəvan"ın oyunu bizim üçün sürpriz oldu. Onlar bizə qarşı çox yaxşı oynadılar. Heyəti gənclərdən qurulmasına baxmayaraq, oyuna nəzarət etməyi bacarırdılar. Digər komandalar "Qarabağ"a qarşı fərqli oynayırlar. Amma "Rəvan" "Qarabağ"dan çəkinmirdi. Rəqibin də qol vurmaq şansları olurdu.
- Oyundan öncə sizin böyük hesabla qalib gələcəyiniz gözlənilirdi. Amma cəmi bir qol vura bildiniz...
- "Qarabağ"a üç xal qazanmaq daha vacib idi. Hansı hesabla qalib gəlməyin önəmi yoxdur. "Rəvan" birinci hissədə onların cərimə meydançasına yaxınlaşmağımıza imkan vermirdi. Bir sözlə, rəqib müdafiədə çox yaxşı oynadı.
- "Qarabağ" niyə son dövrlər əvvəlki oyununu sərgiləyə bilmir?
- Əlimizdən gələni edirik, mübarizə aparırıq, epizodlar yaradırıq. Statistikaya da nəzər yetirsək, rəqiblərimizi əksər göstəricilərdə qabaqlayırıq. Sadəcə, sonda nəsə çatışmır. Hücumlar zamanı son nöqtəni qoymaq alınmır.
- Problem gərgin qrafiklə oynamaqda deyil?
- "Qarabağ" bu gün 14 futbolçu ilə oynadığı dövrlərdəki komanda deyil. Heyətimizdə 26-27 futbolçu var. "Sumqayıt"la oyun da göstərdi ki, bizim layiqli ehtiyat qüvvəmiz var. Statistikaya nəzər yetirsək, həmin heyət rəqibdən daha yaxşı mübarizə aparmışdı. Sadəcə, rəqib bir qol vurub, qalib gəldi.
- Ola bilər ki, bunun səbəbi Reynaldonun yoxluğudur?
- Əlbəttə, bu, bizim üçün problemdir. Reynaldo "Qarabağ" üçün çox vacib futbolçudur. Onun sürəti, fərdi keyfiyyətləri var ki, komandamıza çox köməyi dəyir. Rəqiblərimiz də ondan ehtiyatlanırlar. Bu gün Reynaldo yoxdur, Armenteros var. Sadəcə, Samuel hələ öz istedadını tam göstərə bilmir. Ona vaxt lazımdır.
- "Monako" ilə oyundan öncə sizi son turda "Qəbələ"dən xal almış AZAL-la oyun gözləyir...
- AZAL "Neftçi"ni məğlub etdi. Son turda da "Qəbələ"dən xal aldı. Onlar iddialı rəqiblərə qarşı çox yaxşı mübarizə aparırlar. Bizim üçün də çətin olacağını başa düşürük. Amma meydana qələbə üçün çıxacağıq. AZAL-a da qələbə lazımdır, amma bizə daha çox lazımdır.
