Vüqar Mustafayev: Monakoya qalib gəlmək üçün əlimizdən gələni etməliyik
"Qarabağ"ın yarımmüdafiəçisi Vüqar Mustafayev Topaz Premyer Liqasının 10-cu turunda "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əsas odur ki, komandamız bu görüşdə qələbə qazandı. Qolu kimin vurmasını elə də ciddi əhəmiyyəti yoxdur. Bundan öncəki turda biz "Sumqayıt"a uduzmuşduq. Ona görə də bu görüşdə mütləq qələbə qazanmaq istəyirdik. Qalib gəlməyə borclu idik, buna da nail olduq. Tam istədiyimiz oyunu göstərə bilməməyimizə isə yəqin ki, yorğunluq səbəb oldu. Düzünü deyim ki, "Rəvan"ın bizə qarşı belə oynayacağını gözləyirdim. Çünki bizim çempionatda zəif rəqib qalmayıb".
Mustafayev növbəti turda qarşılaşacaqları AZAL-la oyundan da söz açıb: "AZAL-ın güclü komanda olduğunu bilirik. Son turlarda onlar özlərinə gəliblər. Amma bu oyuna da qələbə üçün çıxacağıq".
Ağdam klubunun gənc futbolçusu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Monako" klubuna qarşı keçirəcələri ev oyunu barədə də danışıb: "Monako"ya qalib gəlmək üçün əlimizdən gələni etməliyik. Çünki bu görüş bizim üçün altı xala bərabər bir görüş olacaq. Düzdür, Reynaldonun yoxluğu sözünü deyir. Amma bizim Armenteros, Pupon kimi hücumçularımız da var. Allah eləsin ki, onlar qarşıdakı oyunda özlərini göstərə bilsinlər".
