Cavid İmamverdiyev: Biz də şokdayıq
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Topaz Premyer Liqasının 10-cu turunda "İnter"ə qarşı oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- 70-ci dəqiqəyə qədər yaxşı oynadıq. Amma son dəqiqələrdə müdafiəyə çəkildik. Bunun da nəticəsində qapımızda qol gördük. Bu, bizi çox məyus etdi. Çünki matçın sonlarında qol buraxmağımız ilk dəfə deyil.
- Yenidən "Neftçi"nin heyətində meydana çıxdınız...
- Tez bir zamanda əvvəlki formamı bərpa etmək istəyirəm. Əvəzedicilərin çempionatında da oynayırdım. Komandamın "qara zolaq"dan çıxmasına kömək etmək istəyirəm.
- Sizcə, bunun üçün nə lazımdır?
- Bircə qələbə lazımdır ki, ilk növbədə futbolçular psixoloji baxımdan özlərinə gəlsinlər. Ondan sonra bizi saxlamaq çətin olacaq. Çox yaxşı komandamız var, yaxşı da oyun sərgiləyirik. Sadəcə, bəxtimiz gətirmir. Özümüz də şokdayıq ki, bu qədər yaxşı oynadığımız halda neçənci dəfədir matçın sonlarında qol buraxıb, qələbəni əldən veririk.
- Amma kənardan oyununuz dediyiniz qədər də gözəl təsir bağışlamır...
- Sizinlə razı deyiləm.
- İstənilən halda "Neftçi" 10 turdan sonra cəmi iki qələbə qazanıb...
- Məşqlərdə çox çalışırıq. Siz Samir Əliyevin komandanı bu vəziyyətdən çıxarmaq üçün necə çalışdığını görəsiniz. Mənim özümə də xoş deyil ki, belə yaxşı insan, məşqçi bu cür vəziyyətlə üzləşib. O, buna layiq deyil.
- Neçə ildir "Neftçi"də çıxış edirsiniz. Heç komandanızın 7-ci pillədə olduğunu görmüşdünüz?
- Belə şey görməmişdim. Yeddinci pillə komandamıza uyğun deyil. Ən azından ilk üçlükdə olmalıydıq.
- Siz Türkiyənin "Elazığspor" klubunu ötən mövsüm tərk etsəniz də, "Neftçi"də yalnız oktyabrın sonunda meydana çıxa bildiniz. Bunun səbəbini necə izah edə bilərsiniz?
- Məni komandadan uzaqlaşdırmışdılar. Mən də öz növbəmdə birtərəfli qaydada müqaviləyə xitam vermişdim. Bu isə onların məndən FİFA-ya şikayət etməsinə şərait yaratdı.
- Türkiyə klubu 50 000 dolları sizdən tələb edir, ya "Neftçi"dən?
- Bu məbləği niyə onlara ödəməliyəm ki?
- Axı komandanı icazəsiz tərk etmisiniz...
- Buna görə pul ödəməliyəm? Fikrimcə, bu məsələ klublar arasında həll olunacaq.
