Arif Əsədov: Kimin çempion olacağına Qarabağla Qəbələ öz aralarında aydınlıq gətirəcək
Azərbaycanlı futbol mütəxəssisi Arif Əsədov Topaz Premyer Liqasının cari mövsümündə çempionluq mübarizəsinin "Qarabağ" və "Qəbələ" arasında gedəcəyi barədə fikirlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ ki, bu klublar Avropa Liqasında çıxış edirlər. Ona görə də bu klublardan Premyer Liqada sabit çıxış gözləməyə dəyməz. "Qarabağ"ın "Sumqayıt"a məğlubiyyətini, "Qəbələ"nin "Zirə" ilə oyundakı xal itkisini normal qəbul etmək lazımdır. Çünki heyətdə tez-tez rotasiyaya əl atırlar, başqa amillərin də təsiri olur. Hər şeyə rəğmən, "Qarabağ"la "Qəbələ" hazırda ölkənin iki ən yaxşı klubudur. Onlar həm də bu mövsüm çempionluğa ən real namizəddirlər. Kimin çempion olacağına da "Qarabağ"la "Qəbələ" öz aralarında aydınlıq gətirəcək. Bu iki klub elitanın digər təmsilçilərindən bir baş üstündür. Baxmayaraq ki, hazırda başları Avroliqaya qarışıb".
