Laşa Salukvadze: Çempionluq bu mövsüm İnterin hədəfi deyil
"İnter"in müdafiəçisi Laşa Salukvadze Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
"Çətin oyun olacaq. Rəqibimizin ötən tur AZAL-a məğlub olması hələ o demək deyil ki, "Neftçi" pis komandadır. Məsələn, son turda "Qarabağ" da "Sumqayıt"a məğlub oldu. Bu o deməkdir ki, "Qarabağ" zəif komanddır? Amma istənilən halda biz meydana qələbə üçün çıxacağıq".
Gürcü futbolçu komandasının cari mövsümdəki hədəflərindən də danışıb: "İnter" iddialı klubdur. Baxmayaraq ki, hazırda müəyyən problemlər mövcuddur. Biz hər oyuna qələbə üçün çıxırıq. Sonda necə olacağını mövsüm başa çatanda görəcəyik. Amma təəssüf ki, bu mövsüm çempionluq "İnter"in hədəfi deyil".
Salukvadze ötən mövsümün sonunda "İnter"dən getsə də, yenidən qayıtdı. Müdafiəçi buna da aydınlıq gətirib: "Problemlərim var idi. Digər kluba da keçə bilərdim. Amma sonda hər şey fərqli alındı. Hazırda "İnter"də oynayan uşaqlara təşəkkürümü bildirirəm. Onlar toparlandılar, layiqli mübarizə apardılar. Biz hətta Avropa Liqasının qrup mərhələsinə də vəsiqə qazana bilərdik. Zaur Svanadzeyə hörmətim böyükdür. O, həm yaxşı insan, həm də yaxşı məşqçidir. Mənə inanıb, "İnter"ə qaytardığına görə təşəkkürümü bildirirəm".
"İnter"in futbolçusu son turda "Rəvan" üzərində qazandıqları qələbəni (2:0) də şərh edib: "Rəqibimiz meydana yeni baş məşqçi ilə çıxmışdı. Futbolçularının hər biri özünü yaxşı tərəfdən göstərmək istəyirdi. Amma biz sonadək mübarizə aparıb, qələbə qazanmağı bacardıq".
