Yannik Kamanan: Azərbaycan çempionatı Fransa 2-ci liqası ilə eyni səviyyədədir
"Qəbələ"nin sabiq hücumçusu Yannik Kamanan Fransa mətbuatına müsahibəsində Azərbaycan çempionatındakı çıxışından danışıb. Azerisport.az sizi 2012-14-cü illər aralığında ölkəmizdə çıxış etmiş futbolçunun fikirləri ilə tanış edir.
- Türkiyənin "Mersin İdmanyurdu" klubu sizə yeni müqavilə təklif etsə də, siz Azərbaycan çempionatında oynamağa qərar verdiniz. Ailəniz bununla bağlı nə dedi?
- Mən həm qazanmaq, həm də oynamaq istəyirdim. Azərbaycanda 500 000, bəzən 800 000 avroluq müqavilələr bağlanılır. Ona görə də "Qəbələ"yə keçdim. Ailəm öncə bu qərarıma təəccübləndi. "Azərbaycan? Orada nə edəcəksən" dedilər. Bildirdim ki, pul qazanmağım lazımdır. Azərbaycanda çempionat inkişaf edir. Onlarda çempionat təxminən Fransa Liqa 2-si ilə eyni səviyyədədir.
- "Odlar yurdu"nda necə yaşayırdınız?
- Birincisi, mən ölkəni tənqid etməməyin çox vacib olduğunu başa düşdüm. Çünki onlar ölkələrinin arxasınca danışmağı sevmirlər. Sən ya susacaqsan, ya da onların əksinə gedəcəksən. Paytaxt Bakıda bəzi şeylər var. Amma paytaxtdan kənarda bu, orta əsrlər dövründəki kimidir. Orada artıq heç nə yoxdur. Klublara gəlincə, hər şey peşəkar səviyyədədir.
- Azərbaycandakı futbolçular necədir?
- Azərbaycanlı futbolçular pis deyil. Mən deyərdim ki, qəribədirlər. Bu ölkədə futbolçular üçün hazırlıq mərkəzi olmadığından, intizam heç də istənilən səviyyədə olmur. Uşaqlar hərdən oynayırlar, hərdən də öz bildiklərini edirlər. (So Foot)
