Vüqar Nadirov: Qəbələyə keçidimə peşman deyiləm, amma...
"Qəbələ"nin hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- Yəqin ki, futbol üçün çox darıxmısınız...
- Əlbəttə, çox darıxmışam.
- Sizcə, Roman Qriqorçuk niyə sizə şans vermir?
- Səbəbini bilmirəm. "Xəzər Lənkəran"dan bura gələndə demişdi ki, tədricən mənə də şans verəcək. Amma bu, baş vermədi. Belə çıxır ki, azərbaycanlı futbolçulara inanmır.
- Ən azından çempionat oyununda meydana buraxa bilər. Bu barədə söhbət etməmisiniz?
- Xeyr. Həmişə deyir ki, hələ hazır deyilsən. Amma mənə şans verməyəndən sonra necə hazır ola bilərəm? Artıq dörd aydır oynamıram. Belə çıxır ki, sabah bir oyunda şans versə, deyəcək ki, baxın, bu da sizə Vüqar. Halbuki, futbolçu nəyə qadir olduğunu bir oyuna göstərə bilməz. İstənilən halda komandama kömək etməyi çox istəyirəm. Çünki "Qəbələ"yə bunun üçün gəlmişəm. Mən "Xəzər Lənkəran"da olarkən Qriqorçukun mənim transferimi necə istədiyinə bir Allah şahiddir.
- Yəqin ki, özünüzü Aleksey Antonovla Sergey Zenyovdan zəif saymırsınız...
- Heyəti baş məşqçi qurur. Mən səylə məşq edirəm. Digər futbolçuların işinə qarışmaq istəmirəm. Bu düzgün olmaz.
- Siz hələ də Qriqorçukun şans verəcəyinə inanırsınız?
- Heç nə deyə bilmərəm. Mən demirəm ki, 90 dəqiqə oynatsın. Ən azından arada şans verə bilərdi ki, tədricən oynayım, əvvəlki formamı bərpa edim, hazır olum.
- Vəziyyət dəyişməsə, qışda "Qəbələ"dən ayrılacaqsınız?
- Mən "Qəbələ"yə Qriqorçukun istəyinə görə gəlmişdim. O, elə məşqçi deyil ki, komandasına lazımsız futbolçu transfer etsin. Komandada qalıb-qalmayacağımı isə bircə Allah bilir.
- Deyəsən, millinin baş məşqçisi Robert Prosineçki də sizi unudub. Yığmaya dəvət almırsınız...
- Prosineçkinin məni unutduğuna inanmıram. Çünki o, yaxşı baş məşqçi olmaqla yanaşı, həm də yaxşı insandır. "Xəzər Lənkəran"da olarkən də oynamırdım, amma o məni yenə də milliyə dəvət etmişdi. İndi ona görə çağırmır ki, klubumda oynamıram. Amma siz hələ əvvəlki Vüqarı görəcəksiniz. Sadəcə, səbrli olmalıyam.
- "Qəbələ"dən başqa hansısa variantınız var idi?
- "İnter"ə keçə bilərdim. Amma "Qəbələ"ni seçdim. Düşündüm ki, baş məşqçi məni komandada görmək istəyirsə, deməli, oynamağıma da imkan yaradacaq.
- Hazırda birinci pillədə qərarlaşan komandanızın çıxışı barədə nə deyə bilərsiniz?
- Komanda yaxşı formadadır. Böyük ehtimalla baş məşqçi heyətdə ona görə dəyişiklik etmir ki, nəticə var. Amma azərbaycanlı futbolçulara da şans vermək lazımdır.
- Söhbətinizdən belə başa düşdük ki, "Qəbələ"yə keçdiyiniz üçün peşmansınız...
- Xeyr. Kollektiv yaxşıdır, uşaqlarla gözəl münasibətim var. Sadəcə, oynamamağım problem yaradır. Rəhbərlikdə də yaxşı insanlar təmsil olunur.
- "Qəbələ"nin qrupdan çıxmaq şanslarını necə qiymətləndirirsiniz?
- Şans hələ də var.
- "Qarabağ"a qayıtmaq haqda düşünmürsünüz?
- Mən bu klubda yaxşı günlər keçirmişəm. Altı il "Qarabağ"ın formasını geyinmişəm. "Qarabağ"dan getməyə hazırlaşanda yığmanın düşərgəsində idim. Bu barədə qərar verəndə, bütün sutkanı yata bilmədim. Belə alınmasını istəməzdim. Amma artıq qərar verilib.
- Keçmiş komandanız "Monako"ya doğma meydanda qalib gələ bilər?
- Fikrimcə, hə. "Monako" əvvəlki qədər güclü komanda deyil. İlk oyunda da gördük ki, "Qarabağ" bu komandaya qarşı yaxşı oynadı. Rəqib də buna imkan verirdi.
