Kamal Quliyev: Qarabağ Monakoya qalib gələcək, Qəbələ isə Premyer Liqanı düşünməlidir
Azərbaycan yığmasının sabiq müdafiəçisi Kamal Quliyev "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" "Monako"ya qalib gəlsəydi, qrupdan çıxmağı 80 faiz həll etmiş olacqdı. Monakodakı heç-heçə isə bu uğurun yarısı hesab olunacaqdı. "Qarabağ" səfərdə yaxşı oynadı. Yaxşı hücumlar qururdu, qol vurmaq istəyirdi. Amma həmin hücumları məntiqi sonluqla bitirmək olmurdu. Reynaldonun yoxluğu özünü göstərdi. Belə komandalarla oyunlarda səhvlər bağışlanmır. Kim az səhv edirsə, o da qələbə qazanır.
Fikrimcə, "Qarabağ" Bakıda "Monako"ya qalib gələcək. Ağdamlıların bunun üçün yetərli gücü var. Səfər matçı da bunun mümkünlüyünü göstərdi. İstənilən halda "Qarabağ"ın hələ qrupdan çıxmaq şansı var. Hələ heç nə itirilməyib. Ona görə də ağdamlılar ruhdan düşməməlidirlər".
Millimizin sabiq futbolçusu "Qəbələ"nin də tərifə layiq olduğunu vurğulayıb: "Qəbələ" Dortmund "Borussiya"sı kimi Avropa nəhənginə qarşı oynasa da, hücum futbolu sərgilədi, qorxaq oynamadı. Matçın əvvəlində təmsilçimizin qol vurmaq üçün yaxşı şansları da oldu. Futbolçularımız həmin şansları boşa versə də, "Borussiya" öz qol vəziyyətlərindən maksimum istifadə etdi. Səviyyə fərqi də elə bunda idi. "Qəbələ"dəki dostlarım məndən inciməsin, amma reallıq bundan ibarətdir. "Borussiya"nın oyunçuları bir və ya bir neçə milyon təşkil edir".
"Qəbələ"nin qrupdan çıxmaq şansı artıq çox azdır. Fikrimcə, artıq onlar ölkə çempionatının oyunlarına köklənməlidirlər. Çünki iki cəbhədə mübarizə aparmaq onlara çox çətindir. Baxmayaraq ki, qrup mərhələsinin ilk turundan sonra "Qəbələ"nin qrupdan çıxmaq şansı daha çox idi, nəinki "Qarabağ"ın. Ardıcıl iki məğlubiyyət qrupdan çıxmağın mümkünsüz olmasına inamı artırır. "Qəbələ" çox yaxşı komandadır. "Qarabağ"a da, bu komandaya da ancaq təşəkkür düşür. Çünki onlar Azərbaycanı Avropada layiqincə təmsil edirlər".
