Neftçi PFK: Rail Məlikov özü də kifayət qədər emosional futbolçudur
"Neftçi"nin mətbuat xidməti Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində AZAL-a qarşı səfər oyunundan (1:2) sonra bəyanatla çıxış edib. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir.
"Neftçi" ilə AZAL arasında münasibətlər həmişə gözəl olub. Amma bu matçdan sonra mətbuatda yayılmış bəzi açıqlamalar düzgün şərh olunmur. Hər iki klub rəhbərlik səviyyəsində bir-birinə qarşı daim diqqət və hörmətlə yanaşıb. Futbolçuların oyundan sonra emosional davranışlarını başa düşmək olar. Amma bu, heç kimə digər klubların daxili işlərinə qarışmağa haqq vermir. Futbolçuların emosional açıqlamaları "Neftçi" və AZAL-ın münasibətlərinə heç bir zərbə vura bilməz.
Rail Məlikova gəlincə, o, vaxtilə "Neftçi"nin kapitanı olub. O, özü də kifayət qədər emosional futbolçudur. Elə 2011-ci ildə Azərbaycan Kubokunun 1/4 finalındakı "Neftçi" - "Xəzər Lənkəran" oyununda da öz emosionallığını göstərmişdi. Formasını yerə atan kapitan sonuncu dəfə "Neftçi"də 2012-ci ildə "Hapoel Kiryat Şmona" ilə görüşdə meydana çıxmışdı. İsraildəki 0:4 hesablı məğlubiyyətdən sonra isə "Neftçi"nin Rail Məlikovla yolları ayrılmışdı. Klubumuz ona uğurlar arzulamışdı. Elə bu gün də ona anaq peşəkar karyerasına uğurlar arzu edə bilərik".
Qeyd edək ki, "Neftçi"nin futbolçularından bəzisi oyundan sonra maliyyə vəziyyəti qat-qat pis olan AZAL-a məğlubiyyəti qabardaraq, öz uğursuzluqlarını tənqid etmişdilər. Amma bu, "təyyarəçilər"in düşərgəsində xoş qarşılanmayıb. Xüsusilə, komandanın kapitanı Rail Məlikov rəqib düşərgədəki həmkarı Ruslan Qurbanovun ünvanına sərt açıqlamalarla yadda qalıb. Vəziyyətin bu həddə çatması isə "Neftçi" rəhbərliyini bununla bağlı açıqlama yaymağa məcbur edib.
