Mirzağa Hüseynpur: Mənim qol vurmağımdan daha vacib olan 3 xal qazanmağımız idi
"Sumqayıt"ın yarımmüdafiəçisi Mirzağa Hüseynpur Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ" üzərində qazandıqları qələbəni (1:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz oyunun çətin keçəcəyini bilirdik. Çünki çempionatımızda onsuz da asan rəqib yoxdur. "Qarabağ"ın necə güclü olduğunu da gözəl anlayırdıq. Azərbaycan xalqının fəxri hesab olunan "Qarabağ"a qarşı oynamaq ümumiyyətlə, tam fərqli hissdir. Bu qələbə bizi çox ürəkləndirir. Amma daha çox çalışmağımız lazımdır. Yaxşı futbol oynamaq istəyirik. Vurduğum qola gəlincə, bu, komandamızın əməyi sayəsində baş tutdu. Şadam ki, fərqləndim. Amma vacib olan bu yox, komandamızın 3 xal qazanması idi. Matçdan sonra rəqib futbolçular bizi qələbə münasibətilə təbrik etdilər. Onlara buna görə təşəkkürümü bildirirəm. Biz də öz növbəmizdə "Qarabağ"a Avropa Liqasında uğurlar arzuladıq. Allah eləsin ki, pley-off mərhələsinə vəsiqə qazansınlar. Qarşıda bizi "Xəzər Lənkəran"la oyun gözləyir. Bütün rəqiblərimiz kimi, onlara da hörmətlə yanaşırıq. Qarşıdakı görüşdə də ancaq qələbəyə oynayacağıq".
