Aqil Məmmədov: Neftçinin məğlub olmasının günahı rəhbərlik və məşqçilərdə yox, biz futbolçulardadır
"Neftçi"nin qapıçısı Aqil Məmmədov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Bu dəfə məğlubiyyətinizə nə səbəb oldu?
- Heç nə olmayıb, sadəcə, biabırçılıqdır. Mənim deyiləcək sözüm yoxdur. Belə məğlubiyyətlər "Neftçi"yə yaraşmır.
- Bəs komandanın bu vəziyyətdən çıxmasına nə nə kömək edə bilər?
- Bu işlərlə mən məşğul deyiləm. Sadəcə, onu bilirəm ki, qələbə qazanmaq üçün meydanda ürəyimizi qoymalıyıq. Hələ ki, bizdə bu yoxdur.
- İlk penaltidən sonra qol vuran Nuqzar Kvirtiya ilə mübahisəniz düşdü. Nə baş vermişdi?
- Heç nə. Sadəcə, o, azarkeşlərə qarşı artıq hərəkət etdi.
- Fasilədən sonra oyununuzda irəliləyiş olsa da, yenə məğlubiyyətdən yaxa qurtara bilmədiniz...
- Baş məşqçi bizdən toparlanmağı və öz oyunumuzu sərgiləməyimizi tələb etdi. O, bildirdi ki, "Neftçi"nin adına layiq futbol sərgiləmək lazımdır. Amma biz baş məşqçinin tapşırıqlarını lazımınca yerinə yetirmədik. Bu məğlubiyyətin günahı nə rəhbərlikdə, nə də baş məşqçidədir. Bunun günahı mən də daxil olmaqla, futbolçulardadır. Bu futbolçulara nə vaxta kimi bir cəza verilməyəcək, belə də edəcəklər.
- "Neftçi" artıq neçənci dəfədir penaltidən qol buraxır...
- Qapımıza penalti təyin edirlərsə, deməli, qayda pozuntusu var ki, hakimlər belə qərar çıxarırlar.
- Sizə elə gəlmir ki, məşqlərdə penalti qaytarmağın üzərində daha çox çalışmağınız lazımdır?
- Dmitri Kramarenko bizi bütün aspektlərdə hazır etməyə çalışır.
- Kapitan kimi komanda yoldaşlarınızla söhbətiniz olub?
- Əlbəttə. İkinci hissədə normal oynadıq. Amma səhvə yol verdik, nəticədə də qol buraxdıq. Bu, ya bəxtsizlikdi, ya da qismət deyil. Çünki yenə də əlavə vaxtda qol buraxdıq.
- "Neftçi" əvvəlki turlarda da uduzmuşdu. Amma oyunçular, məşqçilər heç bu qədər məyus olmamışdılar. Yəqin ki, AZAL kimi zəif komandaya uduzmaq sizin üçün ikiqat ağırdır...
- Başqalarını deyə bilmərəm, amma mənim üçün AZAL-a məğlubiyyət ölümə bərabərdir. Çünki biz futbolçuları bir neçə aydır maaş almayan komandaya uduzduq. Yenə də deyirəm ki, bunun günahı rəhbərlikdə, məşqçilərdə yox, bizdədir. Çünki meydana onlar çıxıb oynamırlar. Onlar bizə hər cür dəstək nümayiş etdirirlər. Daha nə etməlidirlər ki? Maaşlar verilir, dəstək var. Futbolçular da bunu qiymətləndirməlidirlər, çıxıb insafla, komandamızın adına layiq oynamalıdırlar. Bu, mənə də aiddir.
