Kaue: Neftçinin indiki heyəti əvvəlki ilə müqayisə oluna bilməz
"Neftçi"nin yarımmüdafiəçisi Kaue Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində AZAL-a qarşı səfər oyunundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Səhvlərə yol verdik, rəqib də onlardan yararlana bildi. Həmin səhvlər bizə baha başa gəldi. Fikrimcə, məhz bunlar bizim xalsız qalmağımıza səbəb oldu. AZAL-a məğlubiyyət hamımızın əhvalını korladı.
- Komandanız ikinci hissədə daha yaxşı çıxış etdi. Fasilədə sizə nə dedilər ki?
- Baş məşqçi Samir Əliyev bizi bir qədər ruhlandırdı, əlavə tapşırıqlar verdi. Üstəlik, dəyişikliklər də oldu. Məqsəd İsayevlə Elşən Abdullayev oyuna qoşuldu. Dəyişikliklərdən sonra daha aqressiv çıxış etməyə başladıq. Nəticədə, qol vurduq, hesabı bərabərləşdirdik. Amma daha yaxşı oynamağımız lazım idi.
- İstənilən halda meydanı məğlub tərk etdiniz...
- Lazımsız səhvlərə yol verməkdə davam edirik. Düzdür, ikinci yarıda daha yaxşı oynadıq, amma məğlubiyyətdən qaçmaq mümkün olmadı.
- Ötən mövsümlə müqayisədə bu il "Neftçi"də legionerlərin sayı azdır. Bu, sizin özünüzü burada kənar biri kimi hiss etməyinizə səbəb olmur?
- Düzdür, əvvəllər təcrübəli futbolçularımız çox idi. Yaxşı formalaşdırılmış heyətimiz vardı. İndiki heyətimizi əvvəlki ilə müqayisə etmək olmaz. Bu heyətdə təcrübəsizlikdən əziyyət çəkən futbolçularımız daha çoxdur.
- Sizcə, "Neftçi"nin qara zolaqdan çıxması üçün nə lazımdır?
- Səhvlərimizi araşdırıb, tapmalıyıq. Güclü və zəif cəhətlərimizi bilməliyik. Uduzduğumuz oyunlarda qol epizodlarımız qalib gəldiyimiz görüşlərlə müqayisədə daha çox olub. Əksinə, qalib gəldiyimiz oyunlarda isə az epizod yaratmışdıq. Bizim sadəcə, yol verdiyimiz səhvləri təkrarlamamağımıza ehtiyac var. Gələcəkdə onları təkrarlamamalıyıq.
