Elxan Abdullayev: Qəbələ və Qarabağın qrupdan çıxması çətin görünür
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi
- "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniya "Borussiya"sına (Dortmund) sərgilədiyi oyunla bağlı nə deyə bilərsiniz?
- Oyun çox xoşuma gəldi. "Qəbələ" matça yaxşı başlamışdı. Yaxşı qol vəziyyətləri oldu. Təəssüf ki, komandamız bunlardan yararlana bilmədi. "Borussiya" isə hamımıza güclü pressinq təşkil etməklə necə müasir futbol sərgiləmək lazım olduğunu göstərdi. Çox istərdim ki, bizim klublar da nə vaxtsa belə oyun göstərsinlər. Səviyyə fərqi çox böyük idi.
- Amma "Qəbələ" matçın əvvəlində üç qol epizodu yaratmağı bacardı...
- "Borussiya"nın futbolçuları robot deyil. Onlar da səhvə yol verə bilərlər. Sadəcə, rəqibin buraxdığı hər səhvdən maksimum yararlanmaq lazım idi. Amma səviyyə fərqi o qədər böyük idi ki, "Qəbələ" həmin qol şanslarından istifadə etsəydi, "Borussiya" yenə də məğlub olmayacaqdı, istədiyinə nail olacaqdı.
- Eyni fikirləri oyundan sonra Roman Qriqorçuk da səsləndirdi...
- Biz hələ belə komandalara qarşı bərabər səviyyədə oynayacaq gücdə deyilik. "Borussiya" nəinki Avroliqanın, bütövlükdə Avropanın ən yaxşı komandalarındandır.
- Bəs "Qarabağ"ın Fransa "Monako"suna məğlubiyyəti barədə nə deyə bilərsiniz?
- Bu komanda bizi çox sevindirib, ölkəmizin UEFA reytinqindəki cədvəlinə az xal yazdırmayıb. Ümumiyyətlə, hər iki klubumuz ən azı Avroliqanın qrup mərhələsinə çıxmaqla hörmətə layiqdir. "Monako" adlı-sanlı komandadır, öz ənənələri var. "Qarabağ" da bu klubla eyni gücə malik deyil. Sadəcə, "Qarabağ"dan daha artığını gözləyirik. Çünki bu komanda daha böyük uğurlara layiqdir. Amma real yanaşsaq, "Monako" və "Tottenhem" kimi rəqiblərlə bərabər səviyyədə mübarizə aparacaq gücdə deyilik.
- "Qarabağ" bu oyunda az qol vəziyyəti yaratmadı. Sizcə, Ağdam klubu da hesabı birinci açsaydı, fransızlar yenə sonda qələbə qazanacaqdılar?
- "Qəbələ" tərəfi bu sözlərimdən inciməsin, amma "Qarabağ" daha böyük təcrübəyə malikdir. Fikrimcə, ağdamlılar ən azından heç-heçə hesabını qoruya bilərdilər. Həm də "Monako" "Borussiya" qədər güclü komanda deyil.
- Üç turdan sonra klublarımız qrup sonuncusudur. Sizcə, pley-offa çıxmaq şansımız var?
- Dediyim kimi, klublarımız qrup mərhələsinə çıxmaqla artıq uğur qazanıblar. Qrupda kimərə qarşı oynadığımızı nəzərə almaq lazımdır. Amma təbii ki, "Qarabağ"la "Qəbələ"ni pley-offda görmək çox xoş olardı.
- Sözlərinizdən belə başa düşdük ki, buna inanmırsınız...
- Əminəm ki, hər iki klubumuz sonadək mübarizə aparacaq. Amma şanslar çox azdır. "Qarabağ"ın şansları "Qəbələ" ilə müqayisədə daha yaxşıdır. Çünki "Monako" və "Tottenhem"i evdə qəbul edəcəklər. Amma bu rəqiblərə qalib gəlmək çox çətin olacaq. "Qəbələ" isə demək olar ki, pley-offa çıxmaq şansını itirib. Qalan üç oyundan ikisini səfərdə keçirmələri də bundan xəbər verir.
