Ruslan Qurbanov: Başa düşə bilmirəm ki, haqqımda niyə yalan yazırlar
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov içkili vəziyyətdə avtomobil idarə etdiyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son dövrlər haqqımda həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır. Guya mən sərxoş şəkildə avtomobil idarə etmişəm, yol polisi məni saxlayıb, avtomobilimi cərimə meydançasına aparıb. Bunu demişəm, bir daha bəyan edirəm ki, mən spirtli içki içmirəm. Bizim dinimiz alkoqol qəbul etməyi qadağan edir. Düzdür, diqqətsizliyimdən qırmızı işıqda keçmişəm. Yol polisi məni saxlayanda məlum oldu ki, avtomobili mənə satan adam da əvvəllər qaydanı pozubmuş, amma cəriməni ödəməyibmiş. Avtomobili cərimə meydançasına da məhz buna görə apardılar. Maşının əvvəlki sahibi həmin cəriməni ödədikdən sonra gedib onu götürdüm. Başa düşə bilmirəm ki, haqqımda niyə düzgün olmayan məlumatlar yazırlar".
