Fariz Nəcəfov: Qəbələ 2-ci qoldan sonra məğlubiyyətlə barışdı
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı oyundan (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Komanda matça yaxşı başladı, amma ələ düşən qol şanslarından yararlana bilmədi. Niyə belə alındı?
- Təəssüf ki, imkanlarımızdan maksimum istifadə edə bilmədik. Buna nail olsaydıq, hər şey fərqli də alına bilərdi. Komandalar arasında səviyyə fərqi göz qabağında idi.
- Rəqibin açıq futbol sərgiləyəcəyini gözləyirdiniz?
- PAOK-la oyunda da onlar belə çıxış etmişdilər. Baxmayaraq ki, onlar Yunanıstana elə də güclü heyət aparmamışdılar. Amma bizimlə qarşılaşmada bu komanda əsl gücünü ortaya qoydu.
- Komandanız matçın əvvəlindəki qol şanslarını boşa verəndən sonra belə məğlubiyyətlə üzləşəcəyinizi hiss etdiniz?
- Həyəcan da var idi, ümid də. Amma buraxılan ikinci qoldan sonra bütün həyəcan yoxa çıxdı. Azarkeşlər sağ olsunlar ki, son ana kimi komandamızı dəstəklədilər. Komandanı məhz belə dəstəkləmək lazımdır.
- Buraxılan ilk qoldan sonra sanki komandanız sakitləşdi...
- Mənə elə gəlir ki, komandamız birinci yox, ikinci qoldan sonra məğlubiyyətlə barışdı. Uşaqlar rəqibdən qorxmurdular. Sadəcə, səviyyə fərqi özünü göstərirdi.
- Komandanızın ehtiyat oyunçular skamyasında matçın gedişində dəyişiklik edə biləcək futbolçu yox idi...
- Kimə qarşı oynadığımızı da nəzərə almaq lazımdır. Komanda əlindən gələni etdi. Eyni zamanda matçın əvvəlindəki qol şanslarından da yararlanmaq laızm idi.
- Bundan sonra nəyə ümid edirsiniz?
- Sonadək mübarizə aparacağıq. Bizi "Borussiya" ilə çətin səfər oyunu gözləyir. Ağır olacaq. Amma biz uduzmamağa çalışacağıq. Xal və ya xallar qazanmaq istəyirik.
- Yuri Syominin bu qarşılaşmanı izləməsi nə ilə bağlı idi?
- Onu bu görüşü izləməyə özümüz dəvət etmişdik.
