İlkay Gündoğan: Qəbələdən belə oyun gözləmirdik
Almaniyanın "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi İlkay Gündoğan Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 3:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Qələbə qazandığımız üçün çox şadam. Bizim üçün əsas üç xal qazanmaq idi, buna da nail olduq. Rəqib ilk 15 dəqiqədə bizə çox çətinlik yaşatdı, amma qol vura bilmədi. Etiraf edim ki, "Qəbələ"dən belə oyun gözləmirdik. Onların müdafiə futbolu oynayacaqlarını düşünürdük. Amma rəqibin bu cür oyunu bizim üçün nə qədər sürpriz olsa da, özümüz də müdafiədə bir sıra səhvlərə yol verdik. Bütün bunlara baxmayaraq, toparlana və fasiləyə qədər iki qol vura bildik. Layiqli qələbə qazandığımızı düşünürəm".
