Qriqorçuk: Borussiyanın qapısı qarşısında bu qədər qol vəziyyəti yaradıldığı oyun görməmişəm
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:3 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
"Rəqib sağ olsun ki, komandamıza belə ciddi və hörmətlə yanaşdı. Biz əsas heyətlə oynadıq. Bu da bizim üçün vacib idi. Bu oyun bizə çox faydalı olacaq. Ümid edirəm ki, bu oyundan sonra daha da güclü olacağıq. Komandamla fəxr edirəm. Mən demək olar ki, "Borussiya"nın bütün oyunlarına baxmışam və hələ onların qapısı qarşısında bu qədər təhlükəli vəziyyət yaradıldığını görməmişəm. Bunu bizim aktivimizə yazmaq olar. Təəssüf ki, ələ düşən həmin qol şanslarından yararlana bilmədik".
