Ceyhun Quliyev: Spartakla oyunda bizi qələbədən başqa heç nə qane etmirdi
"Rəvan"ın U-19 komandasının müdafiəçisi Ceyhun Quliyev UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Rusiya "Spartak"ına qarşı keçirdikləri cavab matçından (0:0, ilk oyun 0:4) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyundakı darmadağından sonra hamımız Bakıda keçirəcəyimiz cavab matçını gözləyirdik ki, zəif olmadığımızı sübut edək. İlk oyunda beynəlxalq arenada təcrübəmizin olmaması özünü göstərdi. Çünki səfərdə oynayırdıq, həyəcan var idi. Bütün bunlar öz oyunumuzu göstərməyə mane oldu. Cavab matçındakı yeganə hədəfimiz isə qələbə qazanmaq idi. Məşqçilər korpusu rəqibi yaxşı analiz etmişdilər, zəif yerlərini tapmışdılar. Biz "Spartak"a əsl müqavimət göstərdik. Meydanın hər qarışı uğrunda təkbətək mübarizələrdən qalib ayrılırdıq. Qol vəziyyətləri də yarada bilirdik. Amma uğur bizim tərəfimizdə olmadı. Doğma meydanda bizi qələbədən başqa heç nə qane etmirdi".
