Arif Əsədov: Borussiya Bakıdan 3 xalla qayıdacaq
"Neftçi"nin baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi
- "Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə oyunda xal qazana biləcək?
- Rəqibin statusunu nəzərə alsaq, təmsilçimizdən qələbə gözləmək çətindir. Amma "Qəbələ"dən bu adlı-sanlı komandaya qarşı ən azı layiqli oyun gözləməyə dəyər. Nəticəyə gəlincə, hər şey ola bilər. Roman Qriqorçukun komandası qələbə də qazana bilər, heç-heçə də edə bilər. Amma mənə elə gəlir ki, almanlar Bakıdan 3 xalla qayıdacaqlar. Ümid edirəm ki, bu proqnozum özünü doğrultmaz.
- Bəs Fransada "Monako"nun qonağı olacaq "Qarabağ" barədə nə deyə bilərsiniz?
- Çətin səfər oyunu olacaq. "Monako" ilə heç-heçə də yaxşı nəticə sayıla bilər. Ağdamlılar buna nail olacaq gücdədirlər. Bu komanda ilə heç-heçə "Qarabağ"ın qrupdan çıxmasına çox kömək edəcək.
- "Qəbələ"yə məğlubiyyətdən sonra "Neftçi"nin baş məşqçisi Samir Əliyev istefa vermək istəsə də, rəhbərlik bunu qəbul etmədi. Hazırda bu klubdakı vəziyyətlə bağlı nə deyə bilərsiniz?
- "Neftçi"də çalışmaq böyük məsuliyyət tələb edir. Yəqin ki, Samir Əliyev də üzərində təzyiq hiss edib. Rəhbərliyin onun istefasını qəbul etməməsi faktı məni sevindirdi. Bu, çox vacibdir. Biz yerli mütəxəssislərə klub rəhbərliyinin münasibətinin tam fərqli olmasına alışmışıq. Amma "Neftçi" rəhbərliyinin bu qərarı Samir Əliyev üçün yaxşı motivasiya olmalıdır.
- Əliyevin istefası baş tutsaydı, üçüncü istefa gerçəkləşəcəkdi. Geridə qalan 8 turda 2 baş məşqçi istefası çox deyil?
- Emin Quliyevin yenicə qurulmuş komanda ilə nəticə verəcəyini gözləməyə dəyməzdi. "Rəvan" rəhbərliyinin bu addımını düzgün hesab etmirəm. "Sumqayıt"a gəlincə, bu klubda vəziyyət fərqli idi. Çünki Aqil Məmmədov üç il idi bu komandada çalışırdı. Mümkündür ki, nəticələr rəhbərliyin ürəyincə deyildi və ya futbolçularla məşqçi arasında fikir ayrılığı vardı. İstənilən halda mövsümün əvvəlində belə istefalar ürəkaçan deyil. Fikrimcə, bu, sonuncu istefa olmayacaq.
- Növbəti kimdir?
- (gülür) Deyə bilmərəm. Amma klublarımızın iştahını nəzərə alsaq, bunu gözləmək olar. Hamı avrokuboklarda oynamaq istəyir. Halbuki, hər kəsin öz gücünə real qiymət verməsi, hər şeydə baş məşqçini günahlandırmamaq lazımdır. Adətən, belə münasibətlə yerli məşqçilər üzləşirlər. Nə qədər təəssüf doğursa da, bu, faktdır.
- 10 elita klubundan yalnız ikisində əcnəbi mütəxəssis çalışır - "Qəbələ"də Roman Qriqorçuk, "İnter"də Zaur Svanadze. Sizcə, bu, yerli məşqçilərə inamın artmasından irəli gəlir, ya klubların maliyyə imkanlarının aşağı düşməsindən?
- İkinci amili seçərdim. Maliyyə imkanları yaxşı olsa, əminəm ki, klublarımız yenə də əcnəbi mütəxəssislərə üstünlük verəcəklər. Amma indiki vəziyyətin də öz üstünlükləri var. Çünki bu, yerli məşqçilərin özlərini göstərməsi üçün bir şansdır.
