Mircavadov: Monakonun son oyunu xoşuma gəlmədi
AFFA-nın Məşqçilər Şurasının üzvü Ağasəlim Mircavadov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransanın "Monako" və Almaniyanın "Borussiya" (Dortmund) klublarına qarşı oyunlar öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klublarımızdan UEFA reytinqinə növbəti xal qazandırmalarını gözləyirəm. "Monako"nun oyununu yaxşı analiz etmək lazımdır. Fikrimcə, bu, uğurun 50 faizini təşkil edəcək. Onların Fransa çempionatında "Lion"a qarşı keçirdikləri son oyunu izləmişəm. Oyunları heç də xoşuma gəlmədi. Amma Fransa çempionatı ilə Avropa Liqası tam fərqlidir. "Qarabağ" səfərdə yaxşı oynayır. Onlardan yaxşı nəticə gözləməyə dəyər. "Qəbələ"yə gəlincə, rəqibi böyük komandadır. Amma onlara qarşı oynamaq olar. "Borussiya" daha çox Bundesliqaya üstünlük verir. Çünki onların əsas istəyi Çempionlar Liqasında çıxış etməkdir. Avroliqa isə onlar üçün ÇL qədər maraqlı və vacib deyil. "Qəbələ" öz meydanında çıxış edəcək. Motivasiya kifayət qədərdir. Almanlarla heç-heçə etmək olar. Komandamız yenə öz oyununu göstərməyə çalışmalıdır. Almanlar standart vəziyyətlərdə təhlükəlidirlər. Lakin "Qəbələ"nin də bu baxımdan üstünlükləri var".
