Elvin Yunuszadə: Monako üzərində qələbə qazanmağımızı təsəvvür etmək çətindir
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransa "Monako"suna qarşı keçiriləcək oyun öcncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Qarabağ"ı oyuna hazır saymaq olar?
- Əlbəttə, oyuna tam hazırıq. Hamımız səbrsizliklə oyunun başlamasını gözləyirik.
- Oyundan nə gözləyirsiniz?
- "Monako" yüksək səviyyəli futbolçulardan qurulmuş komandadır. Bilirik ki, çətin oyun olacaq. Amma biz özümüzə inanırıq.
- "Monako"ya səfərdə qalib gəlmək nə dərəcədə realdır?
- Düzünü deyim ki, oyundan öncə "Monako"ya qalib gəlməyi təsəvvür etmək çətindir. Amma mümkünsüz heç nə yoxdur. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Reynaldonun yoxluğu komandaya təsir göstərəcək?
- Reynaldo "Qarabağ" üçün çox vacib futbolçudur. Amma düşünmürəm ki, onun yoxluğu komandamızın çıxışına, nəticəyə hansısa təsir etsin. Çünki onun əvəzində meydana çıxacaq futbolçunun Reynaldonu layiqincə əvəz etməyə çalışacağına, özünü yaxşı tərəfdən göstərəcəyinə inanıram.
- "Qarabağ"ı "Monako" ilə iki ardıcıl oyun gözləyir. Bu, komandanızın qrupdan çıxmaq şansını azaltmır?
- Xeyr. Biz Monakodan yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Allah eləsin ki, azarkeşləri sevindirə bilək. Bakıdakı oyun barədə düşünmək hələ tezdir. Öncə səfərdəki oyunu düşünməliyik.
