22 oktyabr 2015 00:10

Qarabağla Qəbələdən 3-cü cəhd

Bu gün Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ"la "Qəbələ" də qrupdakı növbəti oyununa çıxacaq.

"Qəbələ" doğma meydanda Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə qarşılaşacaq. "Qarabağ" isə səfərdə Fransanın "Monako" klubunun qonağı olacaq. Futbolsevərlərin diqqəti öncə Bakıdakı görüşə yönələcək. 20:00-da start götürəcək bu oyun bitəndən az sonra, 22:00-da da Ağdam klubunun knyazlıq təmsilçisi ilə dueli start götürəcək.

Xatırladaq ki, son Azərbaycan çempionu "Qarabağ" bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlamışdı. Ağdam klubu Çernoqoriyanın "Rudar" klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın "Seltik" klubuna uduzaraq (səfərdə 0:1, evdə 0:0) Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalmışdı. Bu mərhələdə İsveçrə "Yanq Boyz"una həm səfərdə (1:0), həm də doğma meydanda (3:0) qalib gələn təmsilçimiz tarixində ikinci dəfə bu turnirin qrupuna vəsiqəni təmin etmişdi. Qrup mərhələsinin ilk turunda İngiltərə "Tottenhem"i ilə qarşılaşan ağdamlılar həmin görüşdə məğlubiyyətlə üzləşsə də (1:3), doğma meydanda Belçika "Anderlext"inə qalib gəlmişdi - 1:0.

Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan "Qəbələ" isə Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız daha sonra Kipr "Apollon"una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0). Pley-offda isə Roman Qriqorçukun çalışdırdığı kollektiv Yunanıstan nəhəngi "Panatinaikos"u yolundan kənarlaşdıraraq (evdə 0:0, səfərdə 2:2) tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı. Bölgə təmsilçisi qrup mərhələsindəki ilk oyununda da qənaətbəxş nəticə əldə etmişdi - Yunanıstan PAOK-u ilə doğma meydanda qolsuz bərabərliyə imza atmışdı. Lakin ikinci turda Rusiya "Krasnodar"ı ilə qarşılaşma təmsilçimiz üçün uğursuz başa çatdı - 1:2.

Rəqiblərə gəlincə, "Qəbələ"nin bu dəfə qarşılaşacağı “Borussiya”nın əsası 1909-ci il dekabrın 19-da qoyulub və ölkəsinin ən titullu klublarından biridir. 1913-cü ildən “qara-sarı” rənglərə sadiq olan Dortmund təmsilçisi ilk vaxtlar bölgə çempionatlarında çıxış edib və həmin dövrdən “Şalke” ilə əbədi rəqabəti başlayıb. Müxtəlif turnirlərdə qələbələr qazanan komanda ilk Almaniya çempionluğunu 1956-cı ildə qazanıb. 1957 və 1963-cü illərdə də əldə olunan uğurlar Bundesliqa yaranmazdan əvvəlki dövrə təsadüf edib. 1963-cü ildə əsası qoyulan peşəkar Bundesliqada isə 5 dəfə qızıl medallar Dortmund təmsilçisinə nəsib olub – 1995, 1996, 2002, 2011, 2012. Ümumilikdə 8 qızıl medala yiyələnən qəbələlilərin rəqibi 6 gümüş və 5 bürüncə də sahib olub. 1965, 1989 və 2012-ci illərdə Almaniya kubokuna yiyələn “qara-sarılar” 4 dəfə də finalda uduzub. 8 dəfə Superkubok uğrunda mübarizə aparan dortmundlular bunların 6-da qələbə qazanıb.

Ümumiyyətlə, klubun tarixinə nəzər salsaq, ötən əsrin 90-cı illəri və son zamanları əhatə edən dövrü “Borussiya” üçün yüksəliş zamanı olub. Ottmar Hitsfeldin baş məşqçi təyin olunmasından sonra çiçəklənmə dövrü yaşayan “Borussiya” ilk mövsümdə Bundesliqanın 2-cisi olub. 1993-cü ildə UEFA kubokunun finalına yüksəlib. 1995, 1996-cı illərdə ölkə çempionluğu, 1997-ci ildə yeganə Çempionlar Liqası kuboku qazanılıb. Bununla da 1966-cı ildə Kuboklar Kubokuna sahib çıxan klub ikinci qitə miqyaslı mükafatını əldə edib. Komandanın ulduzu Matias Zammer isə Avropanın ən yaxşı futbolçusu seçilib. Klub tarixinin ən böyük uğurundan sonra Hitsfeld postundan ayrılsa da, komanda uğurunu Qitələrarası kubokda da davam etdirib. 2002-ci ildə isə artıq Zammerin baş məşqçiliyi ilə çempionluq qazanılıb. Uzun illərdir 81359 tamaşaçı tutan “Siqnal İduna Park”a toplaşan azarkeş sayı ilə Avropada rekordlar müəyyənləşdirən “Borussiya”nın növbəti yüksəlişi son 5-6 ilə təsadüf edib. Yurgen Kloppun formalaşdırdığı heyət iki çempionluq, iki vitse-çempionluq və 2013-cü ildə Çempionlar Liqasının finalına qədər irəliləyib. Ötən mövsüm Bundesliqaya uğursuz başlayıb, hətta aşağı dəstəyə yuvarlanmaq təhlükəsi də yaşayan komanda sonda 7-ci yerlə Avropa Liqasına yüksəlib. Tomas Tuxelin baş məşqçisi olduğu komanda bu yarışda III təsnifat mərhələsindən başlayıb, Avstriya “Volfsberq”i (1:0, 5:0) və Norveç “Odd”unu (4:3, 7:2) mübarizədən kənarlaşdırıb. Dortmundlular qalib gəlməklə yanaşı, əvvəl turnirin təsnifat mərhələləri, sonra pley-offu üçün azarkeş sayında yeni rekordlar müəyyənləşdirib. Bu komanda qrup mərhələsində öncə "Krasnodar"a qalib gəlib, ardından isə PAOK-la sülhə razılaşıb - 1:1. "Qəbələ"nin rəqibi Bundesliqanın cari mövsümünün geridə qalan 9 turunda 6 qələbə qazanıb, 2 heç-heçə edib və 1 dəfə məğlub olub. Komanda topladığı 20 xalla 2-ci pillədə qərarlaşıb.

"Qarabağ"ın rəqibinə gəlincə, bu komanda Monako knyazlığına aid olsa da, knyazlığın UEFA-ya üzv olmaması səbəbindən Fransa Liqasında çıxış edir. Elə bu səbəbdən də 91 il əvvəl - 1924-cü ildə yaradılan "Monako" fransız klubu sayılır. Komanda ev oyunlarını "Stad Lui II" arenasında keçirir. Stadion 18 500 azarkeş tutumuna malikdir. Komandanın baş məşqçisi Leonardo Jardimdir. Venesueladan olan mütəxəssis 2014-cü ildən bu klubun sükanı arxasında çalışır.

Əslində, sırf Fransa klubu olmasa da, knyazlıq təmsilçisi bu ölkənin ən titullu komandalarından hesab olunur. "Monako" 7 dəfə Fransa çempionu adını qazanıb. 6 dəfə gümüş medal əldə edən monakolular 11 dəfə də bürünc medallarla kifayətlənməli olublar. 5 dəfə Fransa kubokunu qazanan "Qarabağ"ın rəqibi bir o qədər oyunda da finalda uduzub. 1961, 1985, 1997 və 2000-ci illərdə Fransa Super Kubokunu qazanan "Monako" 1960-cı ildə də məğlubiyyətlə üzləşib. Fransa Liqa Kubokunda yalnız bir dəfə - 2002/03 mövsümündə baş mükafat knyazlıq təmsilçisinə nəsib olub. "Monako" da beynəlxalq arenada kifayət qədər təcrübəyə malikdir. Bu komanda Çempionlar Liqasının 2003/04 mövsümündə yalnız finalda uduzaraq, gümüş medallarla kifayətlənib. Kuboklar Kubokunun 1991/92 mövsümündə də bu komanda yalnız həlledici görüşdən məğlub ayrılıb. UEFA Kubokunda isə "Monako" sadəcə, 1996/97 mövsümündə yarımfinala qədər irəliləyə bilib.

Son mövsümdə "Monako" Liqa 1-də 3-cü yeri tutaraq, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində oynamaq şansı qazanıb. Maraqlıdır ki, komanda ilk cəhdində "Qarabağ"ın Avroliqanın pley-off mərhələsində məğlub etdiyi İsveçrənin "Yanq Boyz" klubuna divan tutub. Səfərdə rəqibini 3:1 hesabıyla yenən knyazlıq təmsilçisi doğma meydanda da 4:0 hesablı qələbə ilə ÇL-in pley-offuna vəsiqə qazanıb. Amma İspaniyanın "Valensiya" klubu ilə görüşlər "fransızlar" üçün uğursuz olub. Ümumi nəticədə 3:4 hesabıyla uduzan "Monako" Avroliqanın qrup mərhələsində oynamaq məcburiyyətində qalıb. Qrup mərhələsində isə bu komanda evdə "Tottenhem"lə, səfərdə isə "Anderlext"lə heç-heçə edib - 1:1. "Monako" Fransa çempionatının cari mövsümündə 10 oyun keçirsə də, cəmi 3 görüşdə qalib gəlib. 5 qarşılaşmada rəqibləri ilə sülh bağlayan bu komanda 2 dəfə də məğlubiyyətlə üzləşib. Knyazlıq təmsilçisi 14 xalla 10-cu pillədə qərarlaşıb.

Göründüyü kimi, təmsilçilərimizin hər iki rəqibi ciddi komandalardır və "Qarabağ"la "Qəbələ"nin uğur qazanması çox çətin olacaq. Qəbələlilərin doğma meydanda ən azı heç-heçə etməsi də günün sensasiyalarından sayıla bilər. Elə "Qarabağ"dan da demək olar ki, ən azı heç-heçə gözlənilir. Qrupdan çıxmaq yolunda Qurbanovun futbolçuları "Monako" ilə səfər oyunundan mütləq xalla ayrılmalıdırlar.

Yeri gəlmişkən bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın təsnifat mərhələsindəki hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırırdısa, qrup mərhələsində müvafiq olaraq 0.500 və 0.250 xal qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədədir və hesabında 14.375 reytinq xalı var ki, onun da 3.875 xalı cari mövsümdə qazanılıb ("Qarabağ" - 1.500, "Qəbələ" - 1.375, "İnter" - 0.750, "Neftçi" - 0.250). Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.

Ayrıca götürsək, "Qarabağ" 12.375 xalla klub sıralamasında Avropanın 129-cu, "Qəbələ" isə 5.125 reytinq xalı ilə 254-cü komandasıdır. Rəqiblərə gəlincə, "Borussiya" 93.778 xalla 9-cu, "Monako" da 32.283 xalla 57-cidir.

Bu gün təmsilçilərimizin yer aldığı qruplarda başqa oyunlar da baş tutacaq. "Qəbələ"nin qrupunda "Krasnodar" səfərdə PAOK-un qonağı olacaq. "Qarabağ"ın yer aldığı qrupda isə "Anderlext" doğma meydanda "Tottenhem"lə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
3-cü tur

22 oktyabr

C qrupu

20:00. “Qəbələ” - "Borussiya"
Baş hakim: İvan Bebek (Xorvatiya).
Bakı. "Bakcell Arena".

J qrupu

22:00. "Monako" - "Qarabağ"
Baş hakim: Yakob Kehlet (Danimarka).
Monako. "Lui II" stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.