Zamin Əsədullayev: Spartak səddini keçmək şansımız çox azdır
"Rəvan"ın U-19 komandasının baş məşqçisi Zamin Əsədullayev UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Spartak" (Moskva) klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Spartak"a qalib gəlmək üçün meydanda 100 faiz gücümüzü qoymalıyıq. Öz meydanımızda oynadığımız üçün uğur qazanmaq istəyirik. Əlbəttə, Moskvadakı 0:4 hesablı məğlubiyyətdən sonra mərhələ keçməyimiz çətindir. Açıq desək, şans çox azdır. Amma ən azından layiqli oyun sərgiləyib, ev oyununda adlı-sanlı rəqibə qalib gəlmək bizim üçün çox vacibdir. Heyətlə bağlı problemlərimiz var. Oyunçumuz azdır. Çətinliklər çoxdur. Amma bütün bunlara baxmayaraq, qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, "Rəvan"la "Spartak" bu gün "Dalğa Arena"da oynayacaq və saat 19:00-da start götürəcək.
