Cavid Qarayev: Olimpiya stadionunu Azərbaycanda ən sevimli məkana çevirmək üçün əlimizdən gələni edəcəyik
Bakı Olimpiya stadionuna direktor təyin olunan AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev bununla əlaqədar fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:
"Mən oktyabrın 1-dən Bakı Olimpiya stadionunun direktorunun vəzifəsini yerinə yetirirdim. Əsas tapşırıq arenanı Azərbaycan - İtaliya oyununa qədər hazır vəziyyətə gətirmək idi. Arzuladığımızı həyata keçirə bildik və matç zamanı heç bir problem olmadı. Bu gün isə AFFA prezidenti Rövnəq Abdullayev məni bu arenanın direktoru vəzifəsinə təyin olunmağımı təsdiqlədi. Etiraf edim ki, çoxlu planımız var. Onları reallaşdırmaq istəyirik. Əlbəttə, prioritet futbol olacaq. "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsinə çıxacağına çox ümid edirik. Belə olsa, komandalarımız ev oyunlarını məhz bu arenada keçirəcəklər".
"Gələn il Azərbaycanda 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının final mərhələsi keçiriləcək. Qitə birinciliyinin açılış və bağlanış mərasimləri arenamızda təşkil olunacaq. Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələ görüşləri də bu arenada baş tutacaq. Gələn il həmçinin sponsorların köməyi ilə supernəhənglərdən birinin iştirakı ilə yoldaşlıq matçının keçirilməsini də planlaşdırırıq".
Qarayevin sözlərinə görə, Olimpiya stadionu digər idman tədbirləri üçün də açıq olacaq. Məsələn, 2017-ci ildə keçiriləcək İslam Oyunlarının açılış və bağlanış mərasimləri Bakı Olimpiya stadionunda baş tutacaq: "Biz arenanı bütün idman tədbirləri üçün hazır səviyyədə saxlamağa çalışacağıq. Öncə həvəskarlar üçün mini futbol meydançası təşkil edəcəyik. Olimpiya stadionu Yeni Bulvara yaxındır. Həmin Bulvara gələnləri də arenaya cəlb etmək istəyirik. Stadionun ərazisi çox böyükdür. Belə olan halda orada yaxşı şərait yaratmaq olar ki, insanlar gəlib gəzsinlər, uşaqları oynasınlar. Bir sözlə, çox böyük planlarımız var. Olimpiya stadionunu Azərbaycan populyar və sevimli məkana çevirmək üçün əlimizdən gələni edəcəyik".
