Elmar Baxşiyev: Qəbələ Borussiyaya problem yarada bilər
Azərbaycan yığmasının və "Qəbələ"nin sabiq futbolçusu Elmar Baxşiyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Borussiya"nın top-klub olduğu hamıya bəllidir. Fikrimcə, bu qrupda birinci yeri məhz bu komanda tutacaq. Amma "Qəbələ" ev oyununda bu komandaya problem yarada bilər. PAOK və "Krasnodar"la oyunlar göstərdi ki, "Qəbələ" hər rəqibə qarşı fərqli oyun sərgiləyir. Komandamızın qarşısında qrupdan çıxmaq hədəfi varsa, "Borussiya"dan xal almaq vacibdir. "Borussiya" Bundesliqada da çempionluğa oynayan komandadır. Amma "Qəbələ" kompakt oyun sərgiləsə, ələ düşən şanslardan maksimum yararlansa, müsbət nəticə qazana bilər. Əlbəttə, bu komandaya qarşı ardıcıl iki oyun keçirmək heç də uğurlu variant deyil. Amma bütövlükdə götürsək, istənilən komandaya qarşı həm evdə, həm də səfərdə oynamaq, hətta nəticə də qazanmaq mümkündür".
