Rauf Əliyev: Yığmamız növbəti tsikldə daha çox xal toplaya bilər
Azərbaycan yığmasının və "İnter"in hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Öncə aldığınız zədədən sonrakı vəziyyətinizlə bağlı məlumat verərdiniz...
- Oktyabrın 21-də Münhendə əməliyyat olunmalıyam. Əməliyyatdan sonra da Almaniyada qalacağam. Təxminən 10 gün reabilitasiya kursu keçəcəyəm. Mənə deyiblər ki, bu, çox vacibdir.
- Yığmamızın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirdiyi oyunu izlədiniz?
- Bəli. Uşaqlarda yorğunluq var idi. Biz iki günlük intervalla oynamağa hazır deyildik. Həmişə belə olub.
- Sizcə, millimizin məğlubiyyətinə nə səbəb oldu?
- Top saxlamağı bacarırdıq. Amma normal hücumlar qura bilmədik.
- Ola bilər ki, komandamız Bolqarıstanla matça istənilən səviyyədə köklənə bilməmişdi?
- Azərbaycan yığması Braziliya və Almaniya millisi deyil ki, hansısa oyuna arxayın çıxsın. Biz ümumiyyətlə, bu sözü unutmalıyıq. Amma təbii ki, Bolqarıstanla oyunda futbolçularımız istəksiz görünürdülər.
- Millimizin seçmə mərhələdəki çıxışı barədə nə deyə bilərsiniz?
- Evdə Norveç və Bolqarıstandan da xal ala bilərdik. Buna çox yaxın idik. Amma Xorvatiya ilə səfər oyununu heç cür unuda bilmirəm. Çox üzücü məğlubiyyət (0:6) idi.
- Sizcə, Robert Prosineçki tsiklin əvvəlindən yığmamıza rəhbərlik etsəydi, nəticəmiz fərqli ola bilərdi?
- Ola bilər.
- "Qarabağ"ın kapitanı Rəşad Sadıqov yığma karyerasını başa vurmaq istədiyini bəyan edib. Sizcə, o, yığmamızda qalmalıdır, ya onu əvəz edə biləcək müdafiəçilərimiz var?
- Bu, Sadıqovun öz qərarıdır. Amma mən hələ də düşünürəm ki, yığmamızın ona ehtiyacı var.
- Noyabrın 17-də millimizi Moldova ilə yoxlama oyunu gözləyir. Həmin oyuna qədər sıraya dönə biləcəksiniz?
- Xeyr. Mənim məşqlərə başlamağım 5-6 ay vaxt alacaq.
- Millimizdə hücumçu problemi var. Sizcə, belə olan halda yığmamız növbəti seçmə mərhələdə necə xal toplaya bilər?
- Bəli, hücumçu qıtlığı var. Üstəlik, olanlar da klublarında mütəmadi çıxış etmirlər. Ya ehtiyatda qalırlar, ya da iştirak ərizəsində yer almırlar. Yığmamızdakı hücumçu problemi də bundan qaynaqlanır. Amma məncə, komandamız növbəti tsikldə daha çox xal toplaya bilər.
