Rəşad Sadiqov: Borussiya ilə açıq oyun olacaq
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 8-ci turunda "Neftçi" üzərində qazandıqları qələbədən danışıb, eləcə də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb.
- "Qəbələ"dən "Borussiya" ilə oyunda sensasiya gözləməyə dəyər?
- Qrupdan çıxmaq istəyiriksə, hər bir görüşdə mütləq xal qazanmalıyıq. "Borussiya" ilə oyun da istisna deyil. PAOK öz meydanında almanlarla heç-heçə etdi. Niyə biz də eyni uğura imza atmayaq? Bakıda bu komandadan xal ala bilərik.
- Rəqib Almaniya çempionatının son turunda qələbə qazanıb və Bakıya yaxşı əhval-ruhiyyədə gəlir...
- Biz də son turda qələbə qazanmışıq. Özü də "Neftçi" üzərində. Biz də hazırda pis formada deyilik. Maraqlı oyun olacaq. Açıq oyun olacağını düşünürəm. Müdafiədə oturmağa hazırlaşmırıq. Öz oyunumuzu göstərməyə çalışacağıq. Ümid edirəm ki, planlaşdırdıqlarımızı həyata keçirə biləcəyik.
- Əksəriyyət sizin Avroliqa matçı öncəsi ehtiyatlı oynayacağını düşünürdü. Amma "Neftçi"yə qarşı çox aqressiv, fəal oynayırdınız, hətta kobudluqdan da çəkinmirdiniz...
- Biz hər oyuna yaxşı motivasiya ilə çıxırıq, növbəti matçı düşünmürük. Bakılılarla oyunda da qarşıda "Borussiya" ilə matçımızın olduğunu düşünə bilməzdik. "Qəbələ" bu mövsüm çempion olmaq istəyir. Ona görə də bizim üçün hər bir görüş vacibdir. Özünüz də gördünüz ki, çempionat matçına da əsas heyətlə çıxmışdıq.
- "Neftçi" ilə matçın ikinci hissəsində meydana çıxdınız. Belə çıxır ki, siz əsas heyətdəki yerinizi itirmisiniz?
- Komandamız əvvəlki turda bu heyətlə qalib gəlmişdi. Futbolda da adətən qalib heyəti dəyişmirlər. Siz hələ məni əsas heyətdə görəcəksiniz. Bunda problem görmürəm. Komandada 25 futbolçu var. Onların hər biri meydana çıxmağa, layiqli oynamağa qadirdir.
- Keçmiş komandanız "Neftçi"nin indiki durumu ilə bağlı nə deyə bilərsiniz?
- "Neftçi" indi gənclərə üstünlük verir. Ona görə indiki nəticələr təəccüb doğurmamalıdır. Rəhbərlik özü bu yolu seçib. Mən komandanın içində olmadığımdan orada dəqiq nə baş verdiyini də bilmirəm. Kənardan sadəcə, heyətin əksər futbolçusunun yerlilərdən və gənclərdən ibarət olduğu görünür. Onlara vaxt lazımdır. Əlbəttə, hamı bu komandanı turnir cədvəlinin üst pillələrində görməyə alışıb. Yəqin ki, indiki uğursuzluğun səbəbini də ən yaxşı klub rəhbərliyi bilər.
