Melvin Platye: Hətta indi də Neftçiyə qayıtmağa hazıram
"Neftçi"nin sabiq hücumçusu Melvin Platye yenidən paytaxt klubunda çıxış etməyin əleyhinə deyil. Azerisport.az saytına açıqlamasında bunu hollandiyalı futbolçunun özü bəyan edib:
"Yenidən "Neftçi"nin formasını geyinmək istəyərdim. Düzdür, mənə konkret təklif gəlməyib. Amma mənim Bakıda yaşamaq, "Neftçi"də oynamaq istəyim var".
Qeyd edək ki, Platye hazırda Fransanın ikinci liqasında çıxış edən "Brest"in şərəfini qoruyur. O, bu komandada keçirdiyi 10 oyunda 1 qola da imza atıb. Hollandiyalı oyunçu bu klubdakı vəziyyətindən də razıdır: "10 oyundan 6-da meydana əsas heyətdə çıxmışam. Baş məşqçi Aleks Düponla münasibətlərim yaxşıdır. "Brest"lə müqaviləmin müddətinin bitməsinə çox var. Amma hətta indi də "Neftçi"yə qayıtmağa hazıram".
"Bakı klubunun çıxışı ilə maraqlanıram. Hazırda komandada gəncləşdirmə siyasətinin aparıldığından xəbərim var. Legionerlər əvvəlki kimi çox deyil. Buna baxmayaraq, orada olmaq istəyərdim".
