Bəhmən Həsənov: Məni niyə mətbuatda sevmirlər, bu qədər tənqid edirlər?
"Rəvan"ın yeni baş məşqçisi Bəhmən Həsənovun azerisport.az saytına müsahibəsi
- Yenidən "Rəvan"a baş məşqçi təyin olunmağınız çox adam üçün gözlənilməz olmadı. Bəs sizin özünüz üçün bu təyinat nə dərəcədə gözlənilən idi?
- Mənim üçün gözlənilməz oldu. Təklif etdilər, razılaşdım.
- Mətbuatda sizi və klub rəhbərliyini çox tənqid edirlər. Çünki dəfələrlə bu posta gətirilib, istefaya göndərilmisiniz. Bu, sizi bezdirmir?
- Məni heç vaxt qovmayıblar. Mən hər dəfə klub rəhbərliyinin icazəsi ilə xaricə məşqçi kurlasına getmişəm, təbii ki, müxtəlif kateqoriyalar üzrə. Yeri gəlmişkən, klub hər dəfə məni bu məsələdə dəstəkləyib. Bu kurslar sayəsində mən bir məşqçi kimi daha da artırmaq imkanı qazanmışam.
- Deməli, bu dəfə baş məşqçi postunda daha çox qalacaqsınız?
- Təcrübə toplamaq və işimi davam etdirmək qalır. Mən hər dəfə bu komandaya gələndə sonuncu pillədə olub. "Rəvan"da elə bir sistem qurmaq istəyirəm ki, komandamız baxımlı futbol sərgiləsin. Nəticə isə özü gələcək. İlk növbədə oyunumuzu yaxşılaşdırmalıyıq.
- Komandanı neçə dəfə sonuncu pillədən çıxarmısınız?
- Almir Xurtiçin gedişindən sonra komandanı qaldırmağı bacardım. Bu, 2010/11 mövsümünə təsadüf edirdi. O vaxt komanda hələ "Muğan" adlanırdı. Cəmi 11 xalı var idi. Amma sonda mövsümü 47 xalla 8-ci pillədə bitirdik. Ciddi komandalara qalib gəldik. Sonradan komandada eniş başladı. Bu dəfə isə Vladislav Qədirovun dövrünə təsadüf edirdi. Mən öz təhsilimi davam etdirirdim, "Rəvan"ın akademiyasına rəhbərlik edirdim. Növbəti mövsümdə mən yenidən komandaya qayıtmalı oldum. Yenə də 8-ci pilləni tutduq. Mən həmişə bu komandaya kömək etməyə çalışmışam. Niyə məni mətbuatda sevmirlər, bu qədər tənqid edirlər? Həqiqəti demək lazımdır.
- Böyük ehtimalla bu tənqidlər ona görədir ki, özünə hörmət edən şəxs bir neçə dəfə getdiyi vəzifəyə yenidən qayıtmamalıdır...
- Yenə də deyirəm ki, məni heç vaxt nəticəyə görə komandadan qovmayıblar. Mən sadəcə, məşqçilik təhsilimi artırmaq məqsədilə "Rəvan"ın baş məşqçi postundan getmişəm.
- Emin Quliyev sizi onun istefasına şərait yaratmaqda ittiham edib...
- O, mənim həmkarımdır, bu barədə danışmaq istəmirəm. Heç vaxt kiminsə arxasınca danışmamışam. İlk dəfə "Rəvan"a rəhbərlik edərkən C kateqoriyalı lisenziya ilə çalışırdım. İndi isə Pro kateqoriyam var. Fərqi görürsünüz?
- O bildirib ki, "Rəvan"ın UEFA Gənclər Liqasında çıxış edən U-19 komandası Moskvadan qayıdarkən doğrudan da ac qalıb...
- Mən də orada olmuşam. Öncə nəyisə dəqiqləşdirmək, sonra ittiham etmək lazımdır. Bəzi futbolçular özləri yeməkdən imtina etdilər. Çünki onlar təqdim olunan yeməklərdəki ətin halal olmasından əmin deyildilər. Üstəlik, biz orada tıxaca düşmüşdük. Mən özüm təyyarənin havaya qalxmasına 10 dəqiqə qalmış çatmışdım. Bir daha qeyd edirəm ki, heç kim ac qalmayıb.
