Roman Qriqorçuk: Qəbələ Borussiyaya qalib gəlmək istəyir
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" klubu ilə oyun öncəsi "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk və komanda üzvlərinin jurnalistlər və azarkeşlərlə görüşü baş tutub. Azerisport.az xəbər verir ki, tədbirin gedişində bir sıra maraqlı müsabiqələr də keçirilib.
Müsabiqənin qalibini Dortmunda, "Borussiya" ilə səfər matçına səfər gözləyir. Komandanın müdafiəçisi Ruslan Abışov bununla bağlı bu sözləri dilə gətirib: "Fanatlarla görüş bizim üçün çox vacibdir. Belə görüşlərin tez-tez keçirilməsi lazımdır".
Qriqorçuk isə bunları söyləyib: "Azərbaycanın hər bir vətəndaşını dövlət müstəqilliyi günü münasibətilə təbrik edirəm. Belə bir gündə azarkeşlərlə görüşmək çox xoşdur. Onların hamısını "Borussiya" ilə oyuna dəvət edirəm. Bu, oyundan daha artıqdır. Çünki bizi topklubla oyun gözləyir. Maraqlı olacaq. Hər kəs üçün bayram təşkil etməyə çalışacağıq. Əlbəttə, yenə 5:0 hesablı qələbə barədə düşünürəm. Baxmayaraq ki, belə bir komanda ilə oyun öncəsi bu, zarafat kimi səslənir. Amma biz qalib gəlmək istəyirik. "Qəbələ" heç vaxt oynamadığı kimi yaxşı oynamalıdır".
