Samir Zərgərov: Qəbələ Mxitaryanın Bakıda fərqlənməsinə imkan verməməlidir
"Qəbələ"nin yarımmüdafiəçisi Samir Zərgərov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- "Neftçi" yaxşı komandadır. Onlara qarşı oynamaq həmişə çətin olub. Ona görə də bu görüşə maksimum ciddi hazırlaşmışdıq. Rəqibin heyətində gənc futbolçular çoxdur. Onlar meydanda daha çox hərəkət edirdilər. Biz də öz oyunumuzu göstərmək üçün əlimizdən gələni etdik.
- Qazonun ideal vəziyyətdə olmaması oyununuza təsir göstərdi?
- Bəli, qazon ağır idi. Buna baxmayaraq, qalib gəlməyi bacardıq. Bizə üç xal qazanmaq lazım idi, buna da nail olduq. Çoxlu qol vəziyyətlərimiz oldu. Amma cəmi birindən yararlana bildik.
- Birinci hissədə futbolçular tez-tez yıxılırdılar...
- Bu, yağışın təsirindən idi. Qazon sürüşkən idi. İnanın ki, ayaqda durmaq çox çətin idi.
- "Neftçi"nin müdafiəçisi Aylton sizə bu oyunda çox hərəkət etməyə imkan vermədi...
- Rəqibə hörmətlə yanaşıram. Komandamızın 3 xal qazanması üçün əlimdən gələni etdim. Ona görə də sonadək mübarizə apardım.
- "Neftçi" sizin gözlədiyiniz kimi oynadı?
- Matçın asan keçməyəcəyini bilirdik. Elə də oldu. Meydança da ağır idi. Belə meydanda sürətli futbol göstərmək çətin olur.
- Qarşıda Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniya "Borussiya"sı (Dortmund) ilə oyun var. Bu rəqibdən xal almağınız nə dərəcədə inandırıcıdır?
- "Borussiya" Avropanın nəhənglərindən hesab olunur. Bizə gəlincə, Avroliqanın qrup mərhələsinə təsadüfən düşmədiyimizi isbatlamışıq. "Borussiya"ya doğma meydanda uduzmamaq üçün əlimizdən gələni edəcəyik. "Qəbələ"nin tarixinə düşmək üçün hər şeyə hazırıq.
- "Borussiya"nın heyətində hansı futbolçunu xüsusi fərqləndirə bilərsiniz?
- Kimisə fərqləndirmək istəmirəm. Orada hər bir futbolçu Dortmund klubunda oynamağa layiqdir.
- Henrix Mxitaryanın Bakıda meydana çıxması sizin oyununuza təsir göstərə bilər?
- Komandamızın bütün futbolçuları - həm legionerlər, həm yerlilər əlindən gələni etməlidir ki, Mxitaryan Bakıda qol vurmasın. Biz ona Bakıda fərqlənməyə imkan verməməliyik.
