Anar Nəzirov: Qarabağla oyun Zirə üçün böyük təcrübə olacaq
Azərbaycan yığmasının və "Zirə"nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanızı ciddi sınaq gözləyir. "Qarabağ"la oyunda nəyə ümid edirsiniz?
- Bizim üçün hər bir oyun vacibdir. Çünki biz çempionatın debütantıyıq. "Qarabağ"la oyuna ciddi hazırlaşırıq. Hansı ki, AZAL-a, "Rəvan"a qarşı hazırlaşmışdıq. Hər bir oyunumuz finala bərabərdir.
- Amma razılaşaq ki, "Qarabağ" və AZAL, "Rəvan" kimi klublar arasında ciddi fərq var...
- Düzdür, onların arasındakı səviyyə fərqi böyükdür. Bu üzdən də ağdamlılarla oyuna əlavə motivasiya axtarmağa ehtiyac yoxdur. Amma hazırlıq baxımından biz heç bir oyun arasında fərq qoymuruq. Yaxşı seriya yaxalamışıq. Bunu davam etdirmək istəyirik.
- "Neftçi" ilə oyunda buna nail oldunuz. Amma bu uğurunuzda rəqibin qeyri-sabit çıxış etməsinin də rolu böyükdür. "Qarabağ" isə "Neftçi"dən də bir baş üstündür...
- Ağdamlıların daha güclü olması fikri ilə razıyam. Onlarla görüş bizim üçün böyük təcrübə olacaq. Səfər oyununda ən azı uduzmamaq üçün əlimizdən gələni edəcəyik. Bu görüş həm də bizim nəyə qadir olduğumuzu göstərəcək. Bizim özümüzə də maraqlıdır ki, ölkəmizin ən güclü komandasına qarşı necə çıxış edəcəyik.
- Müxtəlif səbəblərdən "Qarabağ"ın aparıcı futbolçularından bir neçəsi sizə qarşı oynaya bilməyəcək. Bu, "Zirə"nin şanslarını artıran amillərdəndir?
- Ola bilsin ki, bunun hansısa faydası olsun. Amma elə də böyük üstünlük qazandırdığını deməzdim. Onlar bu mövsüm fərqli-fərqli heyətlərlə necə uğur qazanmaq lazım olduğunu sübut ediblər. Məsələn, Reynaldo yoxdursa, digər futbolçuların bizim üçün təhlükəli olmadığını demək olmaz.
- "Qəbələ"dən getməyiniz geriyə addım hesab olunsa da, "Zirə"yə keçidinizin də uğurlu alındığını demək olar...
- Bəli. Bu kluba gəldiyim üçün xoşbəxtəm. Bir ildən çox idi oynamırdım. Səhv etməyə haqqım yox idi. Şadam ki, bu dəfə düzgün seçim etdim. İddialı klubda yer almışam. Hələ ki, hər şey yaxşı gedir. Bu komanda ilə yeddi turdakı çıxışım məni Azərbaycan yığmasına da qaytardı.
- Amma siz hələ millidə əsas heyətdə oynamaqdan çox uzaq görünürsünüz...
- Klubumda sabit çıxış etsəm, əsas heyətdə də yer ala bilərəm. Amma qapıda Kamran Ağayev kimi qapıçının durduğunu da anlayıram. İstənilən halda Azərbaycan yığmasında qapıçı probleminin olmaması sevindirici məqamdır.
