Çingiz Abdullayev: Neftçi 5-6-cı pillələrdə olmamalıdır
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev klubun yeni titul sponsoru "Asan xidmət"lə müqavilə imzalanması mərasimi zamanı azerisport.az saytının suallarını cavablandırıb:
- "Asan xidmət"lə müqavilənin müddəti nə qədərdir?
- Üç illik müqavilə imzaladıq. Amma müqavilənin müddəti daha da artırıla bilər. Bu razılaşma hər iki tərəf üçün faydalı olacaq. Bütün bunlar hamısı gözəldir. Lakin hər şeydən önəmli olan komandanın qələbə qazanmasıdır. "Neftçi" turnir cədvəlinin 5-6-cı pillələrində qərarlaşmamalıdır. Bütün komandaların bizə qarşı xüsusi kökləndiyini başa düşürəm. Lakin istənilən halda daha yaxşı çıxış etməyimiz lazımdır.
- Müşahidə Şurasının yeni üzvləri arasında Fərhad Bədəlbəyli də var. Niyə məhz o?
- O, futbolu sevir. Mən Fərhad bəyi uşaqlıqdan tanıyıram. O, hazırda rektordur, cavanlarla daimi ünsiyyətdədir. Siz hələ o zaman doğulmamışdınız, Fərhad bəy 1968-ci ildə 1-ci yerə çıxanda Lissabonda məşhur portuqaliyalı futbolçu Eysebio ilə görüşmüşdü. O vaxtlar Polad Bülbüloğlu, Müslüm Maqomayev, Leonid Uanşteyn, Fərhad Bədəlbəyli futbol oynayanda mənə icazə vermirdilər deyirdilər, “sən balacasan, get top saxla (gülür).
- Mümkündür ki, bundan sonra Bakı Musiqi Akademiyasının tələbələri “Neftçi”nin oyunlarına gəlsinlər?
- Bəli. Niyə də olmasın? Düşünmürəm ki, burada hansısa məcburiyyət olsun. Niyə futbol veteran Əsgər Abdullayev barəsində də sual vermirsiniz? İndi soyadımızın eyni olduğuna görə deyəcəksiniz ki, qohumuq. Xeyr, elə deyil. Niyə Mehdi Nəcəfov barədə sual vermirsiniz? Hansı ki, o, ölkəmizdə futzalın əsasını qoyanlardandır.
- Sizcə, Əsgər Abdullayev “Neftçi”də Müşahidə Şurasının üzvü kimi daha faydalı olar, ya baş məşqçi kimi?
- Hələlik, Müşahidə Şurasının üzvüdür. Bizim baş məşqçimiz var və onu dəyişməyi düşünmürük. Qoy işləsin, özünü göstərsin.
- Tədbirdə hakimlərlə bağlı göstərilən kompazisiya onlara bir mesaj idi?
- Xeyr, bu pantomima idi. Xatırlayırsınızsa, “Qarabağ”la oyunda penalti olmadığını bildirmişdim. Biz heç vaxt hakimlərlə bağlı danışmamışıq və danışmarıq da.
- “Zirə” ilə son qarşılaşmanı stadiondan izləmədiniz və komandanız məğlub oldu. Sizə elə gəlmir ki, artıq “Neftçi”ni məğlub etmək “Asan xidmət”dən şəxsiyyət vəsiqəsi almaq qədər asandır?
- Xeyr, belə düşünmürəm. Həmin gün AFFA-nın vitse-prezidenti, yaxın dostum Elşad Nəsirovun ad günü idi. Mən həmin məclisdə tamada idim (gülür). Məclisi yarımçıq qoyub gəlmək istəmədim. Biz 49 ildi onunla dostuq. Buna baxmayaraq, bütün oyunlara gəlməyə çalışıram.
