Samir Əliyev: Qəbələ ilə oyunun Bakcell Arenada keçirilməsini istəyərdim
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Çempionatda yaranmış fasilədən necə istifadə etdiniz?
- Bu müddətdə tam heyətlə hazırlıq keçə bilmirdik. Çünki bəzi futbolçularımız yığmaya dəvət almışdılar, bəzisi zədəlidir. Bu üzdən əvəzedici heyətdən futbolçular cəlb etmişdik. "Rəvan" və əvəzedici komandamızla iki yoxlama oyununda da qüvvəmizi sınadıq.
- Melli ilə Anyete "Qəbələ"yə qarşı oynamayacaq?
- "Zirə" ilə oyundan sonrakı dövrdə onlar məşq etməyiblər. Melli yalnız ötən gün komandaya qoşulub. Anyetenin isə hələ "Zirə" ilə görüşdən öncə problemi var idi. Süni meydançada oynamağımız onun vəziyyətini daha da ağırlaşdırdı. O, hətta qarşıdakı oyuna qədər hazır olsa belə, yenə risk etmək istəmirik.
- Anyetenin yoxluğu sizə problem yaratmayacaq?
- Bizim üçün istənilən futbolçunun yoxluğu itkidir. Araz Abdullayev zədəlidir. Fəhmin Muradbəyli də cəzalı olduğundan iki oyun komandaya kömək edə bilməyəcək. Elşən Abdullayev də zədədən yenicə qayıdıb.
- Belə olan halda yüksəlişdə olan "Qəbələ" ilə görüşdəki şanslarınızı necə qiymətləndirə bilərsiniz?
- Yəqin ki, siz özünüz də bizi necə çətin oyun gözlədiyini başa düşürsünüz. Hətta heyətimizdə heç bir itki olmasaydı, yenə də eyni çətinliklə üzləşəcəkdik. Çünki rəqibimiz güclü komandadır. Amma əlimizdə olan imkanlardan maksimum yararlanmağa çalışacağıq.
- Matçın "Bakcell Arena"dan İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna keçirilməsi sizin üçün diskomfort yaratmır?
- Öz doğma meydanımızda oynamağımızı istəyərdim. Orada tamamilə fərqli atmosfer olur. Amma Bakıxanovdakı stadionun qazonu da ideal vəziyyətdədir və bu, sevindirməyə bilməz. İstənilən halda biz, hansı stadionda oynamağımızdan asılı olmayaraq, nəticə qazanmağa çalışmalıyıq.
- "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanızla oyun öncəsi çox ehtiyatlı danışıb...
- Həmin müsahibəni oxudum. Komandamın ünvanına belə xoş sözlər eşitmək xoşdur.
- Ukraynalı mütəxəssisin gəlişindən bəri çempionatımızda daha bir sabit favorit peyda olub. Amma bu gün Ukrayna mətbuatı Qriqorçukun öz ölkəsinin yığma komandasının sükanı arxasına keçmək ehtimalından yazıb...
- Premyer Liqamızda iddialı komandalar nə qədər çox olsa, futbolumuz üçün bir o qədər yaxşıdır. "Qəbələ" əvvəllər də iddialı çıxış edirdi. Amma Qriqorçukun gəlişindən sonra çempionatımızın ən yaxşı komandalarından birinə çevrilib. Belə mütəxəssislərin ölkəmizdə çalışması Azərbaycan futbolu üçün müsbət haldır. Onun Azərbaycanda qalmasını istəyərdim. Belə mütəxəssislə rəqabət şəxsən mənim ancaq xeyrimədir.
